“Bavariya”nın 36 mindən çox azarkeşi Ukrayna klubu ilə oyuna bilet almaqdan imtina edib

Almaniyanın “Bavariya” klubunun 36 mindən çox azarkeşi Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda Ukrayna təmsilçisi “Şaxtyor”la səfər oyununa bilet almaqdan imtina edib.

Index.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl Münhen təmsilçisinin 55 min tərəfdarı bilet almaq üçün müraciət etsə də, həftənin əvvəlində bu rəqəm 19 minə düşüb.

Buna qiymət siyasətinə görə “Bavariya”nın “Südkurve München” azarkeş qrupunun Çempionlar Liqası matçlarını boykot etməklə bağlı çağırışı səbəb olub. Azarkeşlər “Bavariya”nın iştirak etdiyi matç üçün biletlərin qiymətinin digər komandalarla oyunlardan fərqli daha yüksək olmasına etirazlarını bildiriblər.

Ukrayna klubunun İtaliyanın “Atalanta” və İsveçrənin “Yanq Boys” komandaları ilə ev oyunlarına biletlərin qiyməti müvafiq olaraq 28 və 31 avrodan başlayırdısa, Münhen təmsilçisinin azarkeşləri görüşü izləmək üçün ən azı 105 avro ödəməli olacaqlar.

Qeyd edək ki, “Şaxtyor”un ev sahibi kimi çıxış edəcəyi matç dekabrın 10-da Almaniyanın Helzenkirhen şəhərində keçiriləcək.