Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib

Prezident İlham Əliyev “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nı təsdiq edib

İndex.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərə baxılmanın elektronlaşdırılmasını təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Fərmanın 1-ci hissəsi gələn il yanvarın 1-dən qüvvəyə minir.

Qaydalar Torpaq Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, Meşə Məcəlləsinə, Su Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanuna və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanıb və torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi mexanizmini müəyyən edir.

Torpaq sahəsinin kateqoriyasına və məqsədli təyinatına dair məlumatlar dövlət torpaq kadastrına daxil edilir və daşınmaz əmlakın dövlət reyestrinə, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (bundan sonra – TEKUİS), “Elektron kənd təsərrüfatı” informasiya sisteminə (bundan sonra – EKTİS), habelə rəqəmsal və kağız üzərində kadastr xəritələrinə, ərazi planlaşdırılması sənədlərinə daxil edilməsi üçün aidiyyəti üzrə təqdim olunur.

Torpaqların kateqoriyalara aid edilməsi, bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatı Torpaq Məcəlləsinin 9-cu, 10-cu və 12 – 33-cü maddələri nəzərə alınmaqla müəyyən edilir.

Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi ölkə Prezidenti ilə razılaşdırmaqla Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.

Kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının bir-biri arasında dəyişdirilməsi halları istisna olmaqla, kateqoriya daxilində torpaqların məqsədli təyinatının dəyişdirilməsi Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.

işğaldan azad edilmiş ərazilərdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsi və dəyişdirilməsi Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydaya uyğun olaraq həyata keçirilir.

“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ÖLKƏ Prezidentinin 2023-cü il 14 iyun tarixli Fərmanına uyğun olaraq, 2025-ci il yanvarın 1-dək edilən müraciətlər əsasında istismarına icazə verilmiş qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin yerləşdiyi torpaqların kateqoriyasının dəyişdirilməsi həmin Fərmana uyğun olaraq həyata keçirilir.

Kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur və onların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə Torpaq Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq bu Qaydaların tələbləri nəzərə alınmaqla yol verilir.

Akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsi tələb olunmur.

Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Torpaq Məcəlləsinin 13-cü və 13-1-ci maddələrində nəzərdə tutulan tikililərin inşası məqsədləri üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur.

Yay və qış otlaqlarından, örüş və biçənək sahələrinə aid kənd təsərrüfatı yerlərindən daha səmərəli istifadə edilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, onların məqsədli təyinatının dəyişdirilərək əkin və çoxillik əkmələrə aid edilməsinə torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu, eləcə də görüləcək işlərin iqtisadi əsaslandırılması nəzərə alınmaqla və heyvandarlığın inkişafına təsiri öyrənilməklə yol verilir.

Əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin bir-biri arasında məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri və ya icarəçiləri, istifadəçiləri (dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə torpaq mülkiyyətçilərinin yazılı razılığı, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə torpaq mülkiyyətçilərinin notariat qaydasında təsdiq edilmiş razılığı ilə) tərəfindən həyata keçirilir və onların müraciəti əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığı andan başa çatır.

Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi məcburi hüquqi qüvvəyə malik baş və müfəssəl planların dəyişdirilməsi ilə bağlı olduqda, torpaq mülkiyyətçilərinin və istifadəçilərinin (dövlət orqanlarının, istifadəsində torpaq sahəsi olan dövlətə məxsus hüquqi şəxslərin) razılığı alınır.

Dövlət ehtiyacları üçün alınan torpaq sahəsi üzərində hüquqların “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq dövlətə keçdiyi andan həmin torpağın kateqoriyası dəyişdirilmiş hesab edilir, bu barədə məlumatlar (sənədlər) aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) təqdim edildikdən sonra 2 iş günü müddətində dövlət torpaq kadastrına daxil edilir və bu Qaydaların 1.2-ci bəndinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada və müddətdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilən torpaq sahəsində (su obyektində) elektrik stansiyasının tikintisinə və quraşdırılmasına icazə verildiyi andan həmin torpaq sahəsinin kateqoriyası və torpaq sahəsindən yol verilən istifadə növü dəyişdirilmiş hesab edilir, bu barədə məlumatlar Xidmət tərəfindən 2 (iki) iş günü müddətində dövlət torpaq kadastrına daxil edilir və bu Qaydaların 1.2-ci bəndinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada və müddətdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanuna uyğun olaraq sifarişçinin bina və qurğulara mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı gündən süni torpaq sahəsi həmin Qanunun 6.1.3-cü maddəsində göstərilən kateqoriyaya və məqsədli təyinata aid edilmiş hesab olunur, bu barədə məlumatlar Xidmət tərəfindən 2 iş günü müddətində dövlət torpaq kadastrına daxil edilir və bu Qaydaların 1.2-ci bəndinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada və müddətdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

Ehtiyat fondu torpaqlarının istifadəsinə onların bu Qaydalarla müəyyən edilmiş əsaslar üzrə müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir.

Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, sənaye obyektlərinin tikintisi, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi, habelə digər qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələri, əsasən, kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqlardan, meşə fondu torpaqlarından isə meşə bitkiləri ilə örtülü olmayan sahələrdən, yaxud meşəbitmə şəraitinə görə az yararlı və yararsız sahələrdən ayrılır.

Meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə meşə ilə örtülü olmayan sahələrin əkin dövriyyəsinə cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaq sahələri eyni ölçüdə kənd təsərrüfatına az yararlı və ya şərti yararsız torpaq sahələri ilə əvəzləşdirilir.

Torpaq Məcəlləsinin 36-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq, radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış, əhalinin həyatına və sağlamlığına təhlükə yarada bilən, habelə məhsul istehsalı üçün sanitariya tələblərinə, müvafiq normalara, qaydalara və normativlərə cavab verməyən torpaqlar kənd təsərrüfatı dövriyyəsindən çıxarılır və konservasiya edilməsi üçün Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq müvafiq ehtiyat fondu torpaqları (dövlət və ya bələdiyyə) kateqoriyasına keçirilir.

Torpaq Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq, ekzogen geoloji proseslərə (sürüşmə, sel, aşınma, uçqun, tökülmə, eroziya, abraziya, deflyasiya, eol, bataqlaşma, yarğan və s.) məruz qalmış torpaq sahələri texniki meliorasiya və bərpa (rekultivasiya) işləri aparılanadək, təsərrüfat fəaliyyəti dövriyyəsindən çıxarılır və prosesin miqyasından asılı olaraq müvafiq ehtiyat fondu torpaqları (dövlət və ya bələdiyyə) kateqoriyasına keçirilir.

Torpaqların kateqoriyası və məqsədli təyinatı barədə məlumatlar dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində sərəncam verilməsinə dair qərarlarda, habelə torpaq sahələri barədə bağlanılmış əqdlərdə göstərilməlidir.