75 yaşlı “Ferrari” əfsanəsinin 10 ən ikonik avtomobili – FOTO

Avtomobil dedikdə ağla gələn ilk adlardan biri olan “Ferrari”nin təməli onun qurucusu Enzo Ferrari tərəfindən qoyulan 75 illik köklü bir tarixə malikdir.

İndex.az xəbər verir ki, ilk dəfə 1947-ci ildə Marenollada qurulan avtomobil nəhənginin idarəsi zamanla Enzonun əlindən keçsə də, “Ferrari” bu gün də adının ağırlığını qoruyub saxlayır.

Hər bir tanınmış avtomobil markasında olduğu kimi, “Ferrari”ni bu hala gətirən ikonik modellər var idi. 1980-ci illərin əvəzolunmaz avtomobili “Ferrari Testarossa”dan tutmuş “LaFerrari”yə qədər biz avtomobil nəhənginin qırmızıya ən çox yaraşan ikonik avtomobillərini sadaladıq.

İndex.az “Ferrari”nin ikonik avtomobillərini təqdim edir:

  • Ferrari 125S
  • Ferrari LaFerrari
  • Ferrari Dino 246 GT
  • Ferrari F40
  • Ferrari 500 TRC
  • Ferrari 365 GTB/4 Daytona
  • Ferrari Enzo
  • Ferrari 288 GTO
  • Ferrari Testarossa
  • Ferrari 308 GTS

Ferrari 125S

Siyahımızda birinci yerdə “Ferrari”nin ən məşhur və əhəmiyyətli avtomobillərindən biri olan “Ferrari 125S” gəlir. İtalyan nəhənginin istehsal etdiyi və üzərində “Ferrari” loqosu olan ilk avtomobil olan 125S yanacaq çənindəki problemə görə çox da ümidverici olmasa da, 13 yarışa qatılaraq 6-da qalib gəlməyi bacarıb.

Enzo Ferrarinin “ümid verici səhv” kimi təsvir etdiyi “Ferrari 125S” 1947-ci ildə istehsal edilib və markanın digər güclü modelləri kimi 100 at gücünə malik 1,5 litrlik V12 silindrli mühərriklə təchiz edilib. Maşını ilk idarə edən şəxs o vaxt İtaliyanın ən məşhur yarış pilotlarından biri olan Franko Kortese olub.

 

Ferrari LaFerrari

“LaFerrari”, onu “Ferrari”nin ən güclü avtomobillərindən biri edən bir çox xüsusiyyətlərə malikdir. İtalyan nəhənginin hibrid mühərrik texnologiyasına malik ilk avtomobili olan “LaFerrari” 6,3 litrlik V-12 silindrli mühərriklə təchiz edilib.

Saatda 200 kilometr sürəti cəmi 7 saniyəyə yığa bilən “LaFerrari” həm də “Formula 1″də istifadə edilən HY-KERS sistemi ilə 163 at gücündə (120 kVt) elektrik mühərrikinə malikdir. “Ferrari”nin altıncı nəsil avtomobili olan “LaFerrari”nin qiyməti vergilər nəzərə alınmaqla təxminən 1,5 milyon dollardır.

 

Ferrari Dino 246 GT

“Ferrari Dino” markanın digər modellərindən daha aşağı avadanlıqlara malik olsa da, xüsusilə Enzo Ferrari üçün böyük əhəmiyyət kəsb edirdi. Enzonun oğlunun adını daşıyan “Ferrari Dino” modelləri arasında ən məşhuru “Dino 246 GT” idi və bu avtomobil V6 silindrli mühərrikə sahib idi.

“Dino 246 GT”nin ən populyar cəhətlərindən biri onun unikal dizaynı idi. 1968-1976-cı illər arasında istehsal edilən “Dino” seriyası “Ferrari”nin klassik at loqosunu daşımayan nadir modellər arasındadır.

 

Ferrari F40

Enzo Ferrarinin istehsalında iştirak etdiyi son avtomobil olan F40, o dövrdə sürücülərinə idman avtomobilindən daha çox təcrübə qazandırmağı bacaran modellərdən biri idi. 1978-ci ildə istehsal edilən və 478 at gücünə malik “Ferrari F40” 2,9 litrlik iki turbo mühərriklə təchiz edilib.

“Ferrari F40″ı bu qədər ikonik edən digər element isə avtomobilin ilk sahibinin məşhur futbolçu Dieqo Maradona olmasıdır. Maradonanı Napolidə saxlamaq üçün “Napoli”nin prezidenti Korrado Ferlaino məşhur futbolçuya Ferrari tərəfindən istehsal olunan yeganə qara rəngli Ferrari F40 hədiyyə edib.

 

Ferrari 500 TRC

İndiyə qədər biz “Ferrari”nin 12 silindrli avtomobillərini görməyə kifayət qədər öyrəşmişik, lakin “Dino”dan anladığınız kimi, Ferrari nadir hallarda da olsa, aşağı silindrli mühərrikli modellər istehsal etməyi xoşlayır. “Ferrari”nin onlarla mühərrikini hazırlayan mühəndis Aurelio Lampredinin yaratdığı bu mühərrik “Ferrari”nin ən alçaq avtomobillərindən biri olan “Ferrari 500 TRC” ilə birləşdirilib.

Əslində, İtaliya nəhənginin daha əvvəl yollara qoyduğu “Ferrari 500” adlı yarış avtomobili var idi, lakin 1957-ci ildə Beynəlxalq İdman Məcəlləsi qüvvəyə mindikdən sonra mühəndislər avtomobildə bəzi düzəlişlər etməli oldular. Həmin ildə istehsal edilən “500 TRC Le Mans 24 Hours” və “Sebring 12 Hours” yarışlarında qalib gəldi.

 

Ferrari 365 GTB/4 Daytona

1968-1973-cü illər arasında istehsal edilən “Ferrari Daytona”, “Ferrari 275″i əvəz edən ikonik adlardan biri idi. Daytona 4,4 litrlik V12 mühərrikinə sahib idi və 347 at gücü hasil edə bilərdi.

“Lamborghini Miuara”ya rəqib olaraq istehsal edilən “365 GTB/4 Daytona”nı bu qədər dəyərli edən səbəblərdən biri də avtomobilin “Le Mans” yarışlarında “Ferrari”yə ardıcıl qələbələr qazandırması idi.

Ferrari Enzo

“Ferrari”nin məhdud sayda avtomobillərindən biri olan “Ferrari Enzo”, təxmin etdiyiniz kimi, adını “Ferrari”nin qurucusundan götürür. 2002-2004-cü illər arasında, Enzo Ferrari öldükdən çox sonra istehsal edilən bu avtomobil “Formula 1″də istifadə edilən elektrohidravlik mexaniki transmissiya kimi texnologiyalar əsasında qurulmuşdur.

İkiqapılı kupe modeli “Ferrari Enzo” V12 silindrli 6 litrlik mühərrikə malikdir. Enzo saatda 100 kilometrə 3,14 saniyəyə sürətlənir və maksimal sürəti 355 km/saat olaraq müəyyən edilir. Bu gün 2004 model “Ferrari Enzo” almaq istəyirsinizsə, ən azı 3 milyon avro ödəməlisiniz.

Ferrari 288 GTO

F40-ın atası kimi tanınan 288 GTO ilk dəfə B qrupu ralli yarışları üçün yarış avtomobili kimi istehsal edilmişdi, lakin avtomobilə maraq artmağa başlayanda cəmi 272 ədəd istehsal edilərək satışa çıxarıldı.

2,9 litrlik mühərriki ilə 395 at gücü hasil edə bilən “Ferrari 288 GTO”, adını “Gran Turismo” və “Omologata” sözlərinin baş hərflərindən götürüb. 2004-cü ildə Sports Car International tərəfindən 1980-ci illərin Ən Yaxşı Avtomobili seçilən avtomobil 0-dan 200 kilometrə 16 saniyəyə sürətlənir.

 

Ferrari Testarossa

.

“Ferrari” tərəfindən 5648 ədəd istehsal edilən “Testarossa”, avtomobil dünyasında indiyə qədərki ən yaxşı modellərdən biri kimi təsvir edilir. 12 silindrli 5 litrlik mühərrikə sahib olan “Testarossa” 390 at gücü hasil edir və 0-dan 100 kilometrə 5,4 saniyəyə sürətlənir.

1980-ci illərin simvolik avtomobili kimi tanınan “Testarossa”nın adı italyanca qırmızı baş mənasını verən testa rossa sözlərindən ibarətdir. 1969-cu ildə “Ferrari”nin səhmlərini alan “Fiat” daha sonra eyni modelin “Spider” versiyasını təqdim etdi.

 

Ferrari 308 GTS

Bayaq qeyd etdik ki, qeyd etdiyimiz “Testarossa” 80-ci illərin avtomobili idi. 1975-ci ildə istehsal olunmağa başlayan “Ferrari 308 GTS” qısa müddətdə 70-ci illərin ən məşhur avtomobillərindən birinə çevrildi.

Pininfarina tərəfindən hazırlanan bu avtomobil İtaliya nəhənginin digər güclü avtomobilləri kimi 2,9 litrlik V8 silindrli mühərriklə təchiz edilib. Avropada satılan 308 GTS versiyaları 252 at gücünə, ABŞ-da satılan versiyalar isə 237 at gücünə malik idi.