“Expressbank”ın kredit portfeli 90 milyon manatdan çox artıb

2024-cü ilin 2-ci rübü ərzində “Expressbank”ın kredit portfeli artıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübü ərzində bankın kredit portfelinin həcmi 440.944 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bank tərəfindən müştərilərə 350.545 milyon manat kredit verildiyini nəzərə alsaq, 90.399 milyon manatlıq artımın olduğunu görürük.

Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, ötən il ərzində istehlak kreditləri 30.041 milyon manat artaraq 205.378 milyon manat, biznes kreditləri 21.610 milyon manat artaraq 126.800 milyon manat, daşınmaz əmlak kreditləri isə 38.749 milyon manat artaraq 108.766 milyon manat təşkil edib.

Beləliklə, “Expressbank”ın kredit portfelinin 46%-dən çoxunu istehlak kreditləri təşkil edir.

Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112.545 milyon manatdır. Bankın səhmlərinin 48,8%-i “Azenco Group”a, 21,6%-i “Enerqoservis” MMC-yə, 19,5%-i Hikmət Xammədova, 9,8%-i Hafiz Seyidova, 0,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.