Bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan hibrid mühərriklə hərəkətə gətirilən minik avtomobillərinin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,3 %, dəyəri isə 66,8 %, elektrik mühərriklə hərəkətə gətirilən minik avtomobillərinin sayı 33,9 %, dəyəri isə 32,8 % artıb.
Bu barədə İndex.az-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
“Gömrük ödənişlərinə cəlb olunan ölkəyə idxal olunan yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən minik avtomobillərinin həm sayında, həm də dəyərində azalmanın əsas səbəbi istehsal buraxılış tarixindən 10 il ötmüş minik avtomobillərinin idxalının məhdudlaşdırılması ilə bağlıdır”, – məlumatda deyilir.
DGK qeyd edib ki, bu ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixracın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10 % azalaraq 1 milyard 596,1 milyon ABŞ dolları təşkil edib: “Müqayisə edilən dövrdə qeyri-neft sektoru üzrə ixracın həcmində azalmaya ixrac olunan elektrik enerjisinin həcminin azalması təsir edib.
Bu ilin yanvar-iyun aylarında elektrik enerjisinin ixracı nəzərə alınmadan qeyri-neft sektoru üzrə ixracın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 % artaraq 1 milyard 545 milyon ABŞ dolları təşkil edib”.