Dünyada ərzaq cüzi ucuzlaşıb

Ərzaq qiymətinin FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) indeksi mart ayındakı kəskin artımdan sonra aprel ayında 0,8% azalıb.

İndex.az xəbər verir ki, bununla yanaşı cari ilin aprel ayında indeks ötən ilin müvafiq dövrünə nisbətən 29,8% çox olub.

“Ötən ayda qiymətlərin azalması əsasən bitki yağlarının kəskin, qismən də taxıl məhsullarının cüzi ucuzlaşması ilə bağlıdır. Bununla belə şəkər, ət, ağartı məhsullarının qiymətləri tədricən artmağa davam edir”, – deyə açıqlamada göstərilir.

Belə ki, 2022-ci ilin aprel ayında taxıl məhsulları 0,4%, o cümlədən yem taxılı 1,8%, qarğıdalı 3%, ucuzlaşdığı halda arpa təklifi azalması üzündən 2,5%, buğda 0,2% bahalaşıb. Həmçinin düyü qiymətləri 2,3% artıb. Bundan əlavə bitki yağları 5,7% azalıb. Səkkiz aydır bahalaşan süd məhsullarının qiyməti bu dəfə 0,9%, ətin 2,2%, şəkərin də 3,3% artıb.