İcbari sığortalarla bağlı yeni konsepsiyalar hazırlanıb

2021-ci ildә hərtərəfli yoxlamaların qrafikinə uyğun olaraq Mərkəzi Bank 3 sığorta, 1 təkrarsığorta şirkətində və 1 sığorta və təkrarsığorta brokerində hərtərəfli yoxlamalar aparıb.

İndex.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın illik hesabatında məlumat verilib. 2021-ci il ərzində sığorta sektoru üzrə yığımlar 844 milyon manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə 16% çoxdur. Həyat sığorta şirkətləri üzrə 28%, qeyri-həyat sığorta şirkətləri üzrə isə 6% artım qeydə alınıb.

Mərkəzi Bank sığorta fəaliyyətində rəqəmsallaşmanın həyata keçirilməsi məqsədilə hazırlanan layihə çərçivəsində işləri davam etdirib. Yekun qanun layihəsi 30 dekabr 2021-ci il tarixində Nazirlər Kabinetinə göndərilib.
Sığortalıların vahid elektron məlumat bazasının yaradılması məqsədi ilə beynəlxalq təcrübə araşdırılıb və ekspertlərlə görüşlər keçirilib. Hazırda elektron arxitekturanın yaradılması istiqamətində işlər aparılır.

Sığorta sahəsində sığorta hadisələri üzrə zərərlərin ədalətli şəkildə qiymətləndirilməsi, bu sahədə fəaliyyət göstərən müstəqil ekspertlərin peşəkarlıq səviyyəsinin və vətəndaş məmnunluğunun artırılması məqsədilə müstəqil ekspert institutunun yaradılması istiqamətində işlər davam etdirilir. Belə ki, qeyd olunan istiqamətdə beynəlxalq ekspertlərin rəy və təklifləri nəzərə alınaraq müvafiq yeni konsepsiya hazırlanıb. Yeni konsepsiyadan irəli gələrək sığorta sahəsində fəaliyyət göstərən müstəqil ekspertlərin peşəkarlığına dair tələblərin müəyyən edilməsi istiqamətində qaydalar və qanuna dəyişiklik layihələri hazırlanıb. Eyni zamanda məhkəməyədək mübahisələrin effektiv şəkildə həlli ilə bağlı mexanizminin yaradılması istiqamətində işlər davam etdirilir.

Mərkəzi Bank sığorta qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini açıqlayıb.

Belə ki, sığorta sektorunda və eyni zamanda əhali arasında geniş əhatəliyə malik olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə yeni konsepsiya hazırlanıb. Yeni konsepsiyada yerli sığorta bazarına uyğun olan optimal model formalaşdırılıb. Yeni model istehlakçılara göstərilən xidmət səviyyəsinin artmasına və müvafiq sığorta növü üzrə risklərin daha ədalətli qiymətləndirilməsi prosessinə töhfə verəcək.
Daşınmaz əmlakın icbari sığortası növü üzrə mexanizmin təkmilləşdirilməsi məqsədilə yeni konsepsiya hazırlanıb. Qeyd olunan istiqamətdə yeni konsepsiyanın beynəlxalq ekspertlərlə müzakirəsi davam etdirilir.