“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Bakı Gəmiqayırma Zavodu” MMC-də (BGZ) iki ədəd neft və kimyəvi məhsullar daşıyan tanker və üç ədəd dalğıc gəmisi inşa edəcək.
İndex.az ASCO-ya istinadən xəbər verir ki, bununla əlaqədar ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev və BGZ-nin İdarə Heyətinin sədri Elşad Nuriyev arasında müvafiq müqavilə imzalanıb.
Sənədə əsasən, inşa ediləcək yeni tankerlər 8 min ton yükdaşıma qabiliyyətinə malik olacaqlar. Dalğıc gəmiləri isə dənizin 45 metr dərinliyində işləmək üçün nəzərdə tutulub.
Bildirilir ki, ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin 2022-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planına uyğun olaraq inşa ediləcək gəmilər Azərbaycanda neft-qaz hasilatı istiqamətində görülən işlərdə, eləcə də neft və neft məhsullarının daşınmasında dəniz nəqliyyatı xidmətinin keyfiyyətinin daha da artırılmasında mühüm rol oynayacaq.