Bu il Kəlbəcər yaylaqlarına 20 mindən artıq arı ailəsinin köçürülməsi planlaşdırılır.
Index.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Kəlbəcər rayonu üzrə 28 mindən çox arı ailəsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib.
Bu arı ailələrinin əksəriyyəti Kəlbəcər yaylaqlarına köçürüləcək. Artıq 500-dən çox fermer arıçılıq təsərrüfatlarını yaylaqlara aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron portalında qeydiyyatdan keçib. Qeydiyyat prosesi aprelin 30-da başa çatacaq.
Azad olunmuş ərazilərə ötən il olduğu kimi yenə də yalnız həmin rayondan olan fermerlərin təsərrüfatları köçürüləcək. Bu il Kəlbəcər yaylaqlarına Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən damazlıq arıçılıq və qoyunçuluq təsərrüfatlarının da köçürülməsi nəzərdə tutulur.