65 yaşda pensiyaya çıxmış iri məmurlar AMEA-ya niyə toplanır?

Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) çoxdan bəridir gözlənən Ümumi yığıncağı keçirildi. Ümumi yığıncaqda AMEA-da illərdən bəri kök salan problemlər barədə danışılarkən məmurların təqaüdə çıxdıqdan sonra qurumda işə düzəldikləri barədə  məsələyə də toxunulub. Qeyd edilib ki, altmış beş yaşında dövlət qulluğundan təqaüdə çıxıb AMEA-da işə düzələnlər var.

AMEA-nın ümumi yığıncağında akademik Rasim Əliquliyev “Sosial müdafiə mexanizmləri dövlət qulluğundakı kimi olsa idi, AMEA-da çalışan işçilər də könüllü olaraq təqaüdə gedərdilər, ömürlərinin sonuna kimi iş yerlərindən bərk yapışmazdılar. Gənc yaşlarından xarici ölkələrdə fəaliyyət göstərərək təqaüdə çıxan həmkarlarımız 70-80 yaşlarında AMEA-da işə düzəlməyə cəhd etməzdilər. 65 yaşında elmə aidiyyəti olmayan insanlar dövlət qulluğundan təqaüdə çıxıb müxtəlif yollarla AMEA-ya işə düzəlməzdilər”- deyib.

Bildirək ki, vaxtilə dövlətdə müxtəlif vəzifələr tutan şəxslərin çoxunun vəzifədən kənarlaşdırıldıqdan sonra AMEA-da və ali məktəblərdə işə düzəldikləri barədə dəfələrlə yazmışıq. Artıq bu gün bizim qaldırdığımız problem rəsmən AMEA-nın vəzifəli şəxsləri tərəfindən dilə gətirilir.

65 yaşda pensiyaya çıxmış iri məmurlar Akademiyaya niyə toplanır?..

  • “AMEA təqaüdçülər, qocalar evi deyil, elm məbədidir”

Siyasi şərhçi Azər Həsrət bizimlə söhbətində bunun təsadüfi olmadığı bildirdi. İri məmurların vəzifədən getdikdən sonra AMEA-da işə düzəlməsinin yaxşı hal olmadığını deyən A.Həsrət hesab edir ki, onlar üçün elm yox, akademiyada vəzifə tutmaq maraqlıdır, bu isə mənfi nəticələr verir: “Təəssüf ki, belə bir hal müşahidə olunur. Bu durum özü bütövlükdə elmin qarşısına kötük atmaq kimi dəyərləndirilə bilər. Yəni adamlar uzun illər məmur olurlar, dövlət qulluğunda işləyirlər, ayrı – ayrı yüksək vəzifələrdə çalışırlar, faktiki olaraq, elmdən kənar şəxslərdirlər. Bu adamlar elmi fəaliyyətlə məşğul olmayıblar. Ya icraçı, ya idarəedici olublar, ya da başqa sahədə işləyiblər. Bu adamların həyat tərzi elm üzərində köklənməyib. Günün birində dövlət məmuru kimi vəzifələri başa çatır, təqaüdə çıxırlar, sonra isə gəlib akademiyada “elmi fəaliyyətlə” məşğul olurlar. Bu düzgün bir iş deyil. Əlbəttə, demirəm ki, elmlə məşğul olmasınlar, olsunlar. Amma  təqaüdlərini alaraq, evlərində oturaraq müstəqil şəkildə məşğul olsunlar”.

A.Həsrət hesab edir ki, onlar səfərlərdə, səyahətlərə də elmi tədqiqatla məşğul ola bilərlər, yeri gələndə AMEA ilə də əlaqə saxlasınlar, tədbirlərinə qatılınlar, elmi məsələlərdə məsləhət alsınlar. “Amma keçmiş məmurların təqaüdə çıxdıqdan sonra  gəlib AMEA-da konkret vəzifə tutmaları düzgün deyil. Akademiyadakı o vəzifələri özünü elmə həsr etmiş adamlar tutmalıdır. Çünki bu adamların həyat kredosu elmdir. Bunlar gənclikdən elmlə məşğul olublar və ömürlərinin sonuna qədər də elmə töhfə verməyə çalışırlar. Amma  məmurların, yaxud ayrı – ayrı vəzifəli şəxslərin həyat kredosu elm olmayıb. Bunlar icraçı, idarəedici olublar. Yəni hardasa elmdən kənar sahələrdə işləyiblər. İndi isə gəlib 65 yaşdan sonra AMEA-da işləmələri, vəzifə tutmaları yanlışdır. Ona görə də, düşünürəm, qanunlarımız elə tənzimlənməlidir ki, bu cür elmdən kənar adamlar gəlib AMEA-da vəzifə tuta bilməsinlər. Elmlər Akademiyasına yüksək vəzifələr bir qayda olaraq həmin qurumun özünün daxilində pillə-pillə yüksəkənlərə həvalə olunmalıdır. O adamlara ki, onların bioqrafiyası elmə həsr olunub. Yoxsa ki, hardasa işləyib, vəzifələrdə olub, pul qazanıb sonra təqaüdə çıxanda gəlib vaxtını keçirmək üçün elmlər akademiyasında işləmək olmamalıdır. AMEA təqaüdçülər, qocalar evi deyil, elm məbədidir. Bu elm məbədində isə elmin zirvəsinə irəliləyənlər vəzifə tutmalıdır”- deyə A.Həsrət bildirdi.

Mənbə – Bakı Xəbər