Yeniyetmələri hədəf alan elektron siqaret biznesi – ARAŞDIRMA

Dünyanın bir çox ölkələrində elektron siqaretlər sürətlə yayılmağa davam edir.

İndex.az xəbər verir ki, ilk dəfə 2007-ci ildə ABŞ-da satışa çıxarılan elektron siqaretlərin sağlamlığa ağır zərbə vurduğu məlum olub.

Buna baxmayaraq, son araşdırmalardan birində aydın olub ki, ABŞ-da aylıq elektron siqaret satışı 2020-ci ildə 15,5 milyon ədəd olduğu halda 2022-ci ildə 22,7 milyon ədədə yüksəlib.

Elektron siqaretlər yaradılmağa başlayanda onları cəmiyyətə adi siqaretlərdən qurtulmaq üçün bir vasitə olaraq tanıtdılar.

Lakin ekspertlər deyirlər ki, bu cür cihazlar içinə qatılmış meyvə və şirniyyat ləzzətləri ilə birlikdə birbaşa olaraq nikotindən asılı ola biləcək uşaqları hədəf alır.

Bu yaxınlarda CDC tədqiqatçıları 2023-cü ildə ABŞ-da orta məktəb və lisey şagirdlərinin təxminən 7,7%-nin (2 milyon nəfər) elektron siqaret istifadəçisi olduğunu göstərən bir araşdırma dərc edib.

Böyük Britaniyada isə 11-15 yaşlı uşaqların artıq 9%-nin elektron siqaretdən istifadə etdiyi bildirilir.

Elektron siqaret istehsal edən şirkətlərin sayı isə durmadan artmaqdadır.

Belə ki, “Circana” analitik şirkətinin yaydığı məlumatlara görə, ötən ilin iyun ayında təkcə ABŞ mağazalarında satılan elektron siqaret çeşidi 9 mindən 11 min 500-ə yüksəlib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2023-cü il hesabatına əsasən, qlobal miqyasda 121 ölkə elektron siqaret çatdırılması sistemlərini tənzimləyir.

Bu ölkələrə elektron siqaret satışını qadağan edən 33 ölkə, eləcə də satışda yaş məhdudiyyətləri qoyan, elektron siqaret reklamını və ictimai qapalı yerlərdə siqaret çəkməyi qadağan edən 87 ölkə daxildir.