Pakistanda leysan yağışlar və ildırım çaxması nəticəsində azı 55 nəfər ölüb

Pakistanın cənub-qərb əyalətlərində son 3 gündə yağan güclü yağış və ildırım çaxması nəticəsində ən azı 55 nəfər həyatını itirib.

İndex.az xəbər verir ki, təbii fəlakət agentliyinin rəsmiləri Pəncab, Bəlucistan və Hayber Pantunxva əyalətlərində 3 gündür davam edən güclü yağış və ildırım çaxmaları nəticəsində ən azı 55 nəfərin həyatını itirdiyini açıqlayıb.

Səlahiyyətlilər, həyatını itirənlərin əksəriyyətinin buğda biçini zamanı ildırım vuran fermerlər olduğu barədə məlumat paylaşıb.

Baş nazir Şahbaz Şərif rəsmilərə yağışlardan zərər çəkmiş ərazilərə təcili yardımın çatdırılmasını tapşırdığını bildirib.

Yağışların yaratdığı daşqınlarda çoxlu evlər zərər görsə də, infrastruktura da ciddi ziyan dəyib.

Pakistanda 2022-ci ildə ölkənin üçdə birini sular altında saxlayan daşqınlarda təxminən 2 min insan həyatını itirib və təxminən 30 milyard dollar ziyan dəyib.