“Xalq Bank” ASC Türkiyənin “Ziraat Bankı”nın istehsalda ekoloji, sosial və idarəetmə meyarlarına (ESG) uyğun olaraq, eyni zamanda gender bərabərliyinin dəstəklənməsi üçün istifadə olunacaq 1,24 milyard dollar məbləğində sindikat kreditləşməsi layihəsində iştirak edib.
İndex.az “Xalq Bank”a istinadən xəvər verir ki, layihədə 21 ölkədən 45 bank yer alıb.
“Xalq Bank”ın bu layihədə iştirakı banklararası münasibətlərin möhkəmləndirilməsi və Türkiyə bankları ilə əməkdaşlığın davamlı inkişafının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Sindikat kreditləşməsi bir borcalana vəsait ayrılması üçün kreditorlar qrupu tərəfindən təklif olunan maliyyələşdirmə alətidir.
Xatırladaq ki, Türkiyənin dövlət bankı olan “Ziraat Bank” 1863-cü ildən fəaliyyət göstərir. Bankın dünya üzrə 111 nümayəndəliyi mövcuddur. 2004-cü ildə əsası qoyulmuş “Xalq Bank” əsas maliyyə və bazar göstəricilərinə görə Azərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır.