Qiymətli kağızların gəlir vergisindən azadolma şərtləri dəyişdirilir

Gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı yenilənir.

İndex.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə təklif olunan dəyişiklik parlamentdə I oxunuşda qəbul edilib. Dəyişikliyə əsasən 2023-cü il fevralın 1-dən etibarən fiziki şəxslər  5 il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə əldə etdikləri dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad olunacaq.

Yeniliyi İndex.az-a şərh edən iqtisadçı Cəfər İbrahimli bildirib ki, Vergi Məcəlləsinə edilən həmin təklif təsdiq edilərsə, fond birjasında listinqdən keçməyən və qapalı formada yerləşdirilən səhm və istiqrazlar üzrə gəlirlər vergidən azad olunmayacaq. Bu halda həmin gəlirlərdən ödəmə mənbəyində 10% məbləğində vergi tutulacaq:

“Hazırkı qanunvericiliyə əsasən, emitent tərəfindən səhm və istiqraz kimi qiymətli kağızlar üzrə fiziki şəxslərə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 2023-cü ilin fevral ayınadək gəlir vergisindən azad olunub. Yəni, indiyədək qapalı şəkildə yerləşdirilənlər də daxil olmaqla istənilən səhmdən və istiqrazdan əldə olunan  gəlirlər vergidən azad idi. Artıq bu müddət gələn il bitəcək. Ona görə də qanunvericiliyə dəyişiklik edilməsi təklif olunub. Yeniliyə əsasən, gələn ildən yalnız birjada əməliyyat olunan və kütləvi təklifə çıxarılmış şirkətlərin səhmləri və istiqrazlara görə əldə olunan dividend və faiz gəlirləri vergidən azad olunur”.

C.İbrahimlinin sözlərinə görə, vergi qanunvericiliyinin bu tələbi şirkətləri kütləvi təkliflərə məcbur edir. Tutaq ki, şirkət ASC kimi qeydiyyata alınıb, 3 nəfər səhmdarı var.  Birjada listinqdən keçməyib və ancaq buradan dividend alırdısa, vergi ödəmirdi. Gələn ildən onlar həmin gəlir və dividentdən vergi ödəməli olacaqlar. Şirkətlərin yalnız kütləvi təklifə çıxarılan və birjada əməliyyat olunan qiymətli kağızlara görə əldə etdikləri gəlirləri vergidən azad olunacaq. Qalan hallarda əməliyyat qapalı hesab olunacaq və onlar gəlir vergisi ödəyəcəklər.

Dəyişikliyin kapital bazarında şəffaflığa xidmət etdiyini deyən C.İbrahimli hesab edir ki, bu, şirkətlərin kapital bazarına daxil olmalarını, istiqraz və səhm buraxmalarını stimullaşdıra bilər.