Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi açıqlandı

Bu ilin yanvar-fevral aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 35,960 milyon barel neft nəql edilib.

İndex.az bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.

Bu, 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 911 min barel və yaxud 2,6 % çoxdur.

Bu ilin fevral ayında isə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 17,042 milyon barel neft nəql edilib. Bu da 2023-cü ilin fevral ayı ilə müqayisədə 1,160 milyon barel və yaxud 7,3 % çoxdur

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.