Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin iqtisadiyyatda rolununun möhkəmləndirilməsi, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi strateji hədəflərdəndir. Lakin bu sahədə ciddi əngəllər qalmaqdadır. Xüsusilə, yeni biznesə başlayan şəxslərin maliyyə mənbələrinə çıxışı, investorların buna maraq göstərməsi istənilən səviyyədə deyil. Bəs bunun səbəbləri nədir? Əlavə maliyyə mənbələrinin genişlənməsi və sahibkarlar üçün əlçatan olması üçün nələr lazımdır?
İndex.az-ın bu və digər suallarını iqtisadçı ekspert Ruslan Atakişiyev cavablandırıb. Onun sözlərinə görə, KOB-lara dəstək istiqamətində həyata keçirilən islahatlar, o cümlədən ixracın və investisiyaların səmərəli təşviq mexanizmlərinin işə salınması, güzəştli kreditlərin əldə edilməsi və digər alternativ maliyyə dəstəyi mexanizmlərindən istifadəsi ilə bağlı prosedurların sadələşdirilməsi sahibkarların marağında olan məsələlərdir:
“Bütün bunlarla yanaşı Azərbaycanda hələ də KOB-lardan gözlənilən töhfənin tam şəkildə əldə olunmasında, onların iqtisadi potensialının aşkarlanaraq üzə çıxarılmasında bir sıra çətinliklər mövcuddur. KOB-ların inkişafı qarşısında dayanan əngəllər içərisində maliyyə mənbələrinə çıxış ən başlıca yerlərdən birini tutur”.
Asiya İnkişaf Bankının Azərbaycanda KOB-un maliyyə mənbələrinə çıxışını qiymətləndirən hesabatında bildirilir ki, KOB-ların təxminən yarısı kreditə ehtiyac duyur. Sorğunun nəticələrinə görə, bank kreditləri KOB-lar üçün kənar maliyyələşdirmənin əsas mənbəyidir və alternativ kənar maliyyələşdirmə mənbələri hələ də işlənməyib. Sorğuda iştirak edən kiçik müəssisələrin 14,7%-i və orta sahibkarlıq subyektlərinin isə 14,6%-i kredit xəttinə malik olduqlarını bildiriblər.
R.Atakişiyev beynəlxalq maliyyə institutları və yerli tədqiqat mərkəzlərinin Azərbaycanda KOB-un zəruri kapitalla təminatı ilə bağlı aşkarladıqları əsas problemləri sadalayıb:
“Kreditlər üzrə yüksək faiz dərəcəsi KOB-ların kredit resurslarına çıxışını zəiflədən amillər sırasındadır. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bir ilədək kreditlər üzrə illik faiz dərəcəsi milli valyutada 17,75%, xarici valyutada 7,75%; 1 ildən 3 ilədək müddətə müvafiq olaraq 19,5% və 11%; 3 ildən 5 ilədək müddəti əhatə edən kreditlər üzrə isə faiz dərəcələri müvafiq olaraq 14,31% və 11,65% təşkil edir. Qabus Araşdırma və Konsaltinq Şirkəti (QRCC) və Media və İctimai Təşəbbüslər Mərkəzi (CMPI) KOB-ların kreditlərə çıxış imkanları ilə bağlı keçirdiyi sorğunun nəticələrinə görə respondentlərin 38%-i kredit təşkilatlarına müraciət etməmələrinin səbəbi kimi yüksək faiz dərəcəsini göstərib. Sorğuda iştirak edən sahibkarların 85%-ə qədəri öz kreditləri üçün orta illik faiz dərəcəsinin 20%-dən yuxarı olduğunu bildirib”.
İqtisadçı digər problem kimi sərt kredit şərtlərini vurğulayıb. Bildirib ki, kreditin tələb olunan məbləğdə və müddətdə alınmaması kiçik bizneslərin üzləşdiyi əsas çətinliklərdəndir. Adıçəkilən sorğuda da 43 sahibkar bu problemi gündəmə gətirib:
“Sorğunun nəticələrinin təhlili göstərdi ki, respondentlərin 31,5%-i tələb olunan qədər kredit götürə bilib. Digərləri isə kreditlərin kiçik həcmli (29,6%), qısamüddətli (10,2%) və yüksək faiz dərəcələrindən şikayətləniblər”.
Kreditlərə çıxış imkanları zəif olan sahibkarlar investorların vəsiatlərindən yararla bilər. Bəs bu sahədə vəziyyət necədir? R.Atakişiyev bildirib ki, Azərbaycanda vençur biznesi zəif inkişaf edib. Bir çox hallarda isə sahibkarların bundan xəbəri yoxdur:
“Buna digər amillər də təsir edir. Məsələn, vençur kapitalının innovasiya biznesi ilə qarşılıqlı sərfəli əməkdaşlığını təmin edən infrastrukturun zəif inkişafı, Azərbaycanda vençur kapitalı mənbələrinin az olması, riskli kapital qoyuluşunun zəifliyi və bunun üçün lazım olan bazar mexanizminin olmaması və digər amillərdir. Digər tərəfdən elmtutumlu layihələrin həyata keçirilməsində vençur kapitalının cəlb edilməsi üçün iqtisadi stimulun olmaması da sahibkarlara mane olur. Vençur biznesi haqqında məlumatlılığın zəif olması, innovasiya layihələrinin ixtisaslı menecerlərinin çatışmazlığı da həmin maliyyə mənbələrinə çıxışı əngəlləyir”.
R.Atakişiyevin fikrincə, alternativ maliyyə mənbələri bazarının inkişaf etdirilməsi üçün mövcud korporativ idarəetmə standartlarını təkmilləşdirilməsi, onun işləkliyinin təmin olunması üçün stimullaşdırıcı və dolayı məcburetmə vasitələrindən istifadə edilməsi zəruridir:
“Bu gün Azərbaycanda innovasiya infrastrukturu inkişaf etdirilməli, inkubatorların, texnoparkların açılması daha da sürətləndirilməlidir. Elmi-texniki potensialı inkişaf etdirmək, müəssisələrin innovasiya aktivliyini artırmaq üçün həvəsləndirmə tədbirləri görülməli, innovasiya aktiv şirkətlərinin stimullaşdırılması üzrə hüquqi baza təkmilləşdirilməlidir. Yerli investorlar yüksək ixtisaslı menecerlərimizin potensialından geniş istifadə etməlidirlər. Eyni zamanda Nazirlər Kabineti Vençur Fondları, Vençur investoru, Vençur xeyirxahları kimi anlayışlara və bu sahədə mövcud olan sərmayə qurumlarının dəqiq meyarları müəyyən etməlidir”.
Ekspert sahibkarlara maliyyə ayıracaq investorlara ilkin mərhələdə müəyyən güzəştlərin verilməsini təklif edib. Onun sözləri görə, sahibkarların yeni layihələri üzrə məhsulun bazara çıxıb özünü tam doğruldana kimi olan dövr ərzində mənfəət vergisindən azad etmək lazımdır. Bu müddət 1, 5 və daha çox ili əhatə edə bilər.
Bununla yanaşı xarici Vençur investorlarının Azərbaycana gəlməsi üçün yüksək effektivlik göstəricilərinin artırılması, institutsional islahatların aparılmasını vacib sayıb.