Ölkədə minik avtomobili istehsalı 26% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 106,2 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 30,7 % artıb, maşın və avadanlıqların istehsalı 15,2 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 50,4 % azalıb.

Bu ilin ilk iki ayında ölkədə 574 ədəd və ya 2023-ci ilin müvafiq ayı ilə müqayisədə 118 ədəd və yaxud 25,9 % çox minik avtomobili istehsal olunub. Bu il martın 1-nə ölkədə 232 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ötən aylar ərzində Azərbaycanda 112 ədəd traktor istehsal edilib. Bu, 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 31,7 % azalıb. Nəticədə, bu il martın 1-nə ölkədə 10 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Həmçinin, ötən aylar ərzində Azərbaycanda 149 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2023-cü ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə 33 % çoxdur.

Nəticədə, bu il martın 1-nə ölkədə 64 ədəd hazır məhsul ehtiyatı yaranıb.