Vergi borcuna görə siyahıya alınan əmlaklar necə satılır?

Vergilər üzrə borcların və faizlərin, tətbiq olunan maliyyə sanksiyalarının dövlət büdcəsinə ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınan əmlakların satışını vergi orqanları həyata keçirəcək. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

Bu barədə İndex.az-a məlumat verən iqtisadçı Anar Bayramov bildirib ki, Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsi yeni redaksiyada 1 yanvar 2022-ci ildən qüvvəyə minib:

“Bundan öncə borclu vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və daşınar əmlakının satışını icra məmurları həyata keçirilirdi. Təbii ki, prosesin icra məmurları tərəfindən həyata keçirilməsi vergi borclarının dövlət büdcəsinə ödənilməsi zamanı effektli hal kimi qiymətləndirilmirdi. Bu səbəbdən, artıq məhkəmədən sonrakı proses, yəni məhkəmə qərarı ilə müəyyən edilən vergi borcunun vergi ödəyicisinin əmlakının satışı hesabına ödənilməsi mərhələsi icra məmurları yox, vergi orqanı tərəfindən həyata keçiriləcək”.

Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsində qeyd edilir ki, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüququna aid edilib.

A.Bayramov Vergi Məcəlləsinin yeni redaksiyada təsdiq olunan 23.1.15-1-ci maddəsində 3 vacib məqama diqqət çəkib. Birinci məqam odur ki, əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia üzrə borcların alınması səlahiyyəti vergi orqanına verilib:

“Təcrübədə məhkəmələr tərəfindən əmlakı mövcud olmayan vergi ödəyicilərinə qarşı ümumi qaydada borcun ödənilməsi tələbi ilə bağlı iddia qaldırılması qəbul edilmirdi. Maddənin yeni redaksiyada verilməsi nəticəsində, siyahıya alınmalı əmlakı olmayan vergi ödəyiciləri üçün ümumi qaydada iddia ilə qərarlar çıxarılacaq”.

İkinci məqam odur ki, daşınmaz əmlakın məbləğindən asılı olmayaraq, satışı Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracın Təşkili üzrə Auksion Mərkəz vasitəsilə həyata keçiriləcək. A.Bayramovun sözlərinə görə, həm Dövlət Vergi Xidməti, həm də Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi İqtisadiyyat Nazirliyinin tabeliyində olan qurumlar olduğu üçün siyahıya alınmış əmlakın satışı daha operativ surətdə həyata keçiriləcək. İqtisadçı vergi ödəyicisinin siyahıya alınmış əmlakını da Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzində satacağını qeyd edib:

“Üçüncü məqam ondan ibarətdir ki, daşınan əmlakın satışına yanaşmalar fərqlidir. Belə ki, dəyəri 5000 manatdan artıq olan daşınar əmlakın satışı Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracın Təşkili vasitəsilə, 5000 manatdan artıq olmayan daşınar əmlakın satışı isə ticarət şəbəkələrində həyata keçiriləcək”.

Qeyd edək ki, Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən, vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddır.