Bal, mum, arı südü istehsalı azalıb, qiymətlər düşüb – Arıçılıqda nə baş verir?

2023-cü ildə Azərbaycanda 30 802 təsərrüfatda mövcud olan 597,3 min arı ailəsindən 4550 ton bal, 172,7 ton mum, 14,9 ton vərəmum, 8,9 ton güləm və 281,1 kq arı südü əldə olunub.

İndex.az bu barədə Dövlət Statistika Komitəsi tərəfindən təşkil olunmuş statistik müşahidənin nəticələrinə istinadən xəbər verir.

Balın 1 kiloqramının orta satış qiyməti 25,8 manat, mumun – 15,9 manat, vərəmumun – 97,2 manat, güləmin – 132,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,0 manat olub.

2022-ci illə müqayisədə 2023-cü ildə arı ailələrinin sayı 9%, bal istehsalı 38,9%, mum istehsalı 0,8%, vərəmum istehsalı 22 %, güləm istehsalı 62%, arı südü istehsalı 25,9%, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,5% azalıb.

Arıçılıq məhsullarının istehsalındakı azalma havaların əlverişsiz keçməsi ilə əlaqədar olub.