SOCAR “Euro-5” dizelinin istehsalına başlayıb

2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) “Euro-5” standartlarına uyğun dizel yanacağının istehsalı üzrə qurğuların tikintisini başa çatdırıb və istehsala başlayıb.

İndex.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, NEZ-də həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsinin məqsədi yüksək keyfiyyətli məhsul istehsalı ilə bərabər ətraf mühitə mənfi təsirin minimuma endirilməsidir.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycanda ümumilikdə 2 milyon 311,2 min ton dizel yanacağı istehsal edilib. Bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 12,3 % çoxdur. Bu ilin yanvarın 1-nə 77,2 min ton hazır məhsul ehtiyatı yaranıb.