ARDNF AÇG-dən 862 milyon dollar gəlir əldə edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 862 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

İndex.az xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2023-cü ilin 2 ayının göstəricisi ilə müqayisədə 462 milyon ABŞ dolları və yaxud 34,9% azdır.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37%), SOCAR (25%), “MOL Group” (9,57%) INPEX (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), “ONGC Videsh Limited” (OVL) (2,31%) pay sahibidir.