İnternet xidməti bazarın 85%-nə 10 operator və provayder nəzarət edir

Azərbaycanda internet xidməti göstərən operator və provayderlərdən toplanmış məlumatların təhlilinə əsasən, bazarın təxminən 85%-nə 10 operator və provayder nəzarət edir.

Bu barədə İndex.az İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir.

Bu, həm region, həm də Avropa ölkələri arasında yuxarı göstəricidir: “Həmin ölkələrdə internet bazarının 80-90%-nə, adətən, 3-4 operator və provayder nəzarət edir.

“Məlumatların toplanması sisteminin (DCS) əhatə etdiyi sahələrdən biri də “Kabel” və İP TV ilə əlaqədar bazarın mənzərəsidir. “Kabel” və İP TV bazarında ümumilikdə 35 xidmət təchizatçısı iştirak edir və TV abunəçilərinin sayı 186,9 min nəfərdir və onlardan 165,3 mini “Kabel” TV, 21,5 mini isə İP TV abunəçisidir. Bu sahədə 30-dan artıq təchizatçı olmasına baxmayaraq, ən çox abunəçiyə malik 10 təchizatçı ümumi abunəçi bazasının 96,1%-ni əhatə edib.

Qeydiyyatdan keçmiş 144 internet servis provayderindən (İSP) artıq 131-i aktiv fəaliyyət göstərir. Ən çox İSP olan yaşayış məntəqələri üzrə Bakı şəhərində – 107, Sumqayıt şəhərində – 31 və Xırdalan şəhərində isə 30 İSP fəaliyyət göstərir. Bu da ölkə üzrə İSP-lərin paylanmasında asimmetrikliyin olduğunu göstərir. İSP-lərin daha çox əhalinin sıx olduğu bölgələrə meyilli olması anlaşılandır.

İSP-lər tərəfindən ən çox təqdim olunan xidmət GPON (97 İSP tərəfindən), ETTH (70 İSP tərəfindən) və EPON (54 İSP tərəfindən) xidmətləridir. ADSL isə yalnız 18 İSP tərəfindən təqdim edilir və ən çox təqdim edilən xidmətlər arasında yalnız 8-cidir. ADSL xidməti təklif edən İSP-lərdən 6-sı, eyni zamanda VDSL xidməti təqdim edə bilir.

Qeyd olunanları ümumiləşdirsək, aydın olur ki, internet xidmət bazarında çoxsaylı İSP-lərin iştirak etməsi, İSP-lərin ölkə üzrə paylanmasında müəyyən qədər təmərküzləşmə olsa da, regionlarda alternativ İSP-lərin fəaliyyət göstərməsi məmnunedici haldır. İnternetin infrastrukturunun modernləşdirilməsinin tamamlanması yüksək sürətlərə olan tələbatı ödəməyə texniki imkan yaradacaq. Ehtimal etmək olar ki, yaxın gələcəkdə də fiber abunəçilərinin artımı, xüsusilə mövcud xDSL abunəçilərinin azalmasına paralel olaraq müşahidə olunacaq. Eyni zamanda yüksək sürət təmin edən texnologiyaların yayılması daha yüksək sürət aralığında olan abunəçilərin xüsusi çəkisinin artmasına müsbət təsir göstərəcək.