Sabit genişzolaqlı internet abunəçilərinin sayı 28% artıb

Son 1 ildə Azərbaycanda sabit genişzolaqlı internet abunəçilərinin sayı təxminən 28% artaraq 1,85 milyona çatıb.

Bu barədə İndex.az İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir.

Bildirilir ki, abunəçilərin təxminən 64%-nə və ya 1,2 milyonuna sabit genişzolaqlı xidmətlər fiber-optik kabellər vasitəsilə təqdim edilir ki, bu da son illərin ən yaxşı göstəricisidir.

Bundan əlavə, Bakı şəhərində və regionlarda GPON texnologiyası ilə yanaşı, vətəndaşlara simsiz yüksəksürətli internetin verilməsini təmin edən LTE və “Wi-Fi” texnologiyası vasitəsilə də müasir telekommunikasiya xidmətləri göstərilir.

Məlumatda deyilir ki, sürət meyarına görə yanaşdıqda ən çox abunəçi 30 Mbit/s – 50 Mbit/s intervalına daxildir ki, bu da ümumi abunəçi bazasının təxminən 50,0%-ni təşkil edir: “Ölkəmizdə fiber-optik infrastrukturun əhatə dairəsi genişləndikcə, daha aşağı sürətlə internetə qoşulan abunəçilər daha sürətli internet paketlərinə miqrasiya olunur ki, bu da yekunda yüksəksürətli internetdən istifadə edən abunəçilərin sayını gündən-günə artırır. İkinci ən çox alınan internet sürəti  2 Mbit/s – 10Mbit/s aralığına düşür ki, bu da ümumi abunəçilərin 20%-ni təşkil edir. 2Mbit/s-ə qədər olan sürət abunəçiləri 11% təşkil edir. Yerdə qalan 19% abunəçi isə digər sürət intervallarında xidmət əldə edənlərdir. Sürət prizmasından yanaşdıqda aşağısürətli sabit genişzolaqlı internet (2 Mbit/s-ə qədər) abunəçilərinin müqayisədə nisbətən yüksək paya sahib olması internet bazarının inkişafında maneə kimi görünür. Tətbiq olunan əksər texnologiyaların dəfələrlə daha artıq sürət vermək imkanının olmasına baxmayaraq, təqribən 11% əhalinin bu internet bazarların yaranma mərhələsində təqdim olunan “miras” sürət intervalında “ilişib qalması” hələ də internet xidməti bazarının optimal səviyyəyə çatmasına maneçilik törədir”.

Məlumatda deyd edilir ki, dünya üzrə internet sürətinin ölçülməsi ilə məşğul olan, bu sahədə ixtisaslaşmış “Ookla Speedtest” tədqiqat mərkəzinin sıralamasında Azərbaycanda olan sabit genişzolaqlı internetin orta sürəti 2024-cü ilin yanvar ayı üzrə 35,2 Mbit/s göstərilib: “Bu, eyni mənbənin ötən ilin yanvar ayı üzrə göstəricisi ilə müqayisədə təxminən 9 Mbit/s artım deməkdir. Qeyd edilməlidir ki, “Ookla Speedtest” və digər bu kimi təşkilatların dərc etdiyi göstəricilər orta sürətin aşağı sərhədi kimi dəyərləndirilə bilər. Bu rəqəmlər ümumi infrastrukturu xarakterizə edən orta sürət və onun dinamikası haqqında dəyərli informasiyanı təqdim etsə də, internet infrastrukturunun, ondan istifadənin gələcək meyillərini dəyərləndirmədə əvəzsiz mənbə kimi çıxış etsə də, qeyd edilən bu rəqəmlər real istifadəni əks etdirmir. Bu, iki səbəblə bağlıdır. Birincisi, “Ookla” və digər bu kimi təşkilatların əsaslandığı “snapshot” metodu siqnal müdaxilələri, routerin və ya cihazın imkanları səbəbi ilə aşağı nəticələr verə bilər və bu səbəbdən də xətlərdə sürətləri fiziki cihazlar istifadə edərək test aparan birinci əl ölçmələrin nəticələrindən və ya yerli bazarların qiymətləndirmələrindən fərqli ola bilərlər. İkincisi, sürət test datası neqativ “bias”a (real olduğundan aşağı) meyilli olur, çünki insanlar daha çox problem olanda və ya istədikləri sürəti almayanda test servisinə müraciət edirlər”.