Hesablama Palatası 2021-ci ili 22 min manat zərərlə başa vurub. Halbuki, qurum 2021-ci ildən 71 min manat mənfəətlə çıxmışdı.
İndex.az xəbər verir ki, ötən il Hesablama Palatası 7,456 milyon manat (əvvəlki illə müqayisədə 0,2% çox) gəlir əldə edib ki, bunun da 7,45 milyon manatı (1,5% çox) qeyri-birja əməliyyatlarından, 6 min manatı (15,8 dəfə az) isə sair əməliyyatlardan əldə olunub.
Hesabat dövründə Hesablama Palatasının xərcləri isə 7,478 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1,5 % çoxdur. O cümlədən qurumun sərf etdiyi materialların dəyəri 68,6% artaraq 59 min manat, əmək haqqı və işçilərinə çəkdiyi digər xərclər cüzi artaraq 6,81 milyon manat, amortizasiya xərcləri 21,1% artaraq 253 min manat, sair əməliyyat xərcləri isə 13,7% artaraq 357 min manat olub.
Bu il yanvarın 1-nə Hesablama Palatasının aktivləri 5,703 milyon manat olub ki, bu da illik müqayisədə 0,4 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 5,5% artaraq 15 min manata çatıb, balans kapitalı (xalis aktivləri) isə 0,4% azalaraq 5,688 milyon manata düşüb.