Vətəndaşlarımız Türkiyədə ev alışını bir ildə 37%-dən çox azaldıb

2023-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 832 mənzil alıblar.

İndex.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 498 mənzil və ya 37,4% azdır.

Təkcə ötən ilin dekabr ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə 52 mənzil alıb ki, bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 87 mənzil və ya 2,8 dəfə azdır.

2023-cü il ərzində Türkiyədə xarici vətəndaşlara 35 268, ötən ay isə 2 077 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 48,3 % və 3,1 dəfə azdır.

Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara ötən il 10 560, ötən ay isə 527 mənzil satılıb.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 205, ötən il isə 4 272 mənzil alıb.

İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə dekabrda 94, 2023-cü ildə isə 1 917 mənzilə sahib olub.