DİN-in binasının təmirinə 2 milyondan çox pul xərclənib

Daxili İşlər Nazirliyinin (DİN) Komendat Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.

İndex.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri 1 milyon 350 min manat olan 3 tender müsabiqəsinin qalibləri “İnnova İnşaat” MMC və “Kənan İnşaat və Ticarət” MMC olub.

“İnnova İnşaat” MMC 600 min manat qarşılığında DİN-in mərkəzi inzibati binasında əsaslı təmir işləri, “Kənan İnşaat və Ticarət” MMC isə 400 min manat qarşılığında DİN-in mərkəzi inzibati binasında cari təmir işləri, 350 min manat qarşılığında isə avadanlıqların alınması və quraşdırılması işlərini görəcək.

Təmir işlərinin bu ilin sonun kimi yekunlaşdırılması nəzərdə tutulub.

Tender müsabiqəsilə bağlı diqqət çəkən məqam isə odur ki, DİN-in mərkəzi inzibati binasında əsaslı və cari təmir işləri görmək, həmçinin avadanlıqların alınması və quraşdırılması üçün ötən il “Kənan İnşaat və Ticarət” MMC ilə 3 müqavilə imzalanıb. Əsaslı və cari təmir üçün 06.05.2021-ci il tarixində ümumi dəyəri 500 min manat olan 2 müqavilə imzalanıb. 205 min manat dəyərində müqavilə isə (avadanlıqların alınması və quraşdırılması üçün) ötən ilin noyabr ayında imzalanıb.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan “İnnova İnşaat” MMC-nin hüquqi ünvanı İmişli rayonu, Qaralar kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənli Elmar Azər oğludur.

Nizamnamə kapitalı 5 milyon 150 min dollar olan “Kənan İnşaat və Ticarət” MMC-nin hüquqi ünvanı isə “Nəsimi rayonu, Bülbül pr. Ev 65 C”-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əskərov Əlihüseyn Sənan oğludur.

Mənbə – Yeniavaz