ABŞ-ın federal məhkəməsi ictimai nəqliyyatda maska ​​taxmaq tələbini ləğv edib

ABŞ-da Florida ştatının Federal Dairə Məhkəməsi ABŞ administrasiyasının koronavirusun yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatda maska ​​taxmaq tələbinin uzadılmasının qeyri-qanuni olduğuna dair qərar verib və onu ləğv edib.

Bu barədə “Associated Press” məlumat yayıb.

Keçən həftə, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi qoruyucu tibbi maskaların məcburi taxılmasını bir daha mayın 3-dək uzadıb.

Buna cavab olaraq bir neçə fiziki şəxs və qeyri-kommersiya təşkilatı məhkəməyə müraciət edib. İşə baxdıqdan sonra Dairə Məhkəməsinin hakimi Katerin Mayzel bildirib ki, Amerika hökumətinin belə genişmiqyaslı tələbi ABŞ Konqresinin təsdiqindən keçməlidir və tibbi tənzimləyicinin maska ​​rejiminin uzadılması ilə bağlı əsaslandırması kifayət deyil.

“Sistemimiz agentliklərin qanundan yan keçməsinə imkan vermədiyi üçün məhkəmə maska ​​rejimini (nəqliyyatda) qeyri-qanuni elan edir və onu ləğv edir”.

Prezident Cozef Baydenin administrasiyası hələlik məhkəmə qərarının icrasına qarşı çıxmayacaqlarını bildirib: “Agentliklər qərarı nəzərdən keçirir və növbəti addımları qiymətləndirir.Məhkəmənin qərarı o deməkdir ki, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin ictimai nəqliyyatda maska ​​taxmaq tələbi hazırda etibarsızdır”.

Bəzi ABŞ aviaşirkətləri artıq uçuşlarda maska ​​taxmaq tələbindən imtina etdiklərini açıqlayıblar.