“Əl-Nəsr” və “Əl-Hilal”ın Ronaldo və Neymar üçün bir qəpik də ödəmədiyi açıqlandı

Dünya futbolunun ən böyük müqaviləsindən sonra hər il 221 milyon dollar qarşılığında Səudiyyə Ərəbistanına gedən Ronaldo bu ölkənin bir çox böyük ulduza qapılarını açan ad oldu.

İndex.az xəbər verir ki, Neymar “Əl Hilal”a ildə 163 milyon dollar, PSJ isə 90 milyon avro transfer haqqı ödəndiyi halda, bu qonorar üçün “Əl Hilal”ın xəzinəsindən bir qəpik belə çıxmaması diqqət çəkib.

Çünki Səudiyyə Ərəbistanı Pro Liqasının təşkilatçıları Ronaldonun transferindən əvvəl transfer proqramı həyata keçiriblər. Bu iddialı layihə çərçivəsində ən yaxşı istedadları bölgəyə cəlb etmək üçün Səudiyyə Liqasında hər bir kluba külli miqdarda vəsait köçürülüb. Kərim Benzema, Sadio Mane, Riyad Mahrez, Aymeric Laporte kimi adlarla müqavilələr bağlanıb.

Səudiyyə Peşəkar Liqasının direktorlar şurasının sədr müavini Saad Əl-Ləziz Kora Rotanaya bunun necə işlədiyini və “Əl-Nəsr” və “Əl-Hilal”ın ciblərindən niyə pul çıxmadığını izah etdi:

“”Əl-Nəsr” Ronaldonu heyətinə qatmaq üçün heç bir ödəniş etməyib, Ronaldonu heyətinə qatan və maaşını verən Səudiyyə Liqasındakı transfer proqramıdır. Eyni şey Neymarın “Əl-Hilal”a, Jotanın “İttihad”a, Brozoviç və Otavionun “Əl-Nəsr”a transferi ilə də baş verdi”.