Aqrar Sığorta Fondu 9 ayda 1,5 milyon manata yaxın ödəniş edib

Bu ilin yanvar-sentyabr aylarında Aqrar Sığorta Fondu fermer və təsərrüfatlara ümumilikdə 1 408,3 min manat ödəniş edib.

İndex.az Fonda istinadən xəbər verir ki, bunun 783,8 min manatı bitkiçilik, 624,5 min manatı isə heyvandarlıq üzrə həyata keçirilib.

9 ay ərzində 24 bölgədə bitkiçilik sahəsi – taxıl və pambıq sahələri, meyvə bağları və sair əkinlər üzrə yüzlərlə sığorta hadisəsi qeydə alınıb. Ən çox ödənişlər pambıq, arpa və buğda sahələri üzrə həyata keçirilib. Fındıq bağları və qarğıdalı sahələri üzrə də hadisələr qeydə alınıb və dəymiş zərərlər qarşılanıb.

Hesabat dövründə ən çox sığorta ödənişi edilən bölgələr Ağdam, Şəki, Ağcabədi, Yevlax, İsmayıllı, Şamaxı, Zaqatala, Goranboy, Bərdə və başqaları olub.

Bundan başqa, hesabat dövründə heyvandarlıq təsərrüfatları üzrə 131 hadisə qeydə alınıb, tələf olan və yaxud məcburi kəsimə verilən 138 baş heyvan üzrə sığorta ödənişi veriib.

Aqrar sığorta 41 bitki üzrə 28 riskə təminat verir. Bura təbiət hadisələri – fırtına, qasırğa, sel, subasma, daşqın, eləcə də III şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan amilindən asılı olmayan müxtəlif hadisələr aiddir. Bundan başqa, südlük və ətlik mal-qara (inək, dana və camışlar), eləcə də xırda buynuzlu heyvanlar (qoyun və keçilər) sığortalanır. Heyvanlar üzrə sığorta haqları heyvanın növündən və seçilmiş sığorta zərfindən asılı olaraq dəyişir.

Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-ni dövlət ödəyir.