
Nüvə silahlarının dünya üçün son dərəcə dağıdıcı olduğu və hətta bu silahlarla müharibə ehtimalının insanlarda dəhşətə səbəb olduğu bilinsə də, məşhur riyaziyyatçı bəşəriyyətin bu vəziyyətdən kifayət qədər qorxmadığını bildirib.
Ekspert riyaziyyatçı Erik Vaynşteynin fikrincə, insanlar müasir həyatın sürətli tempinə o qədər qarışıblar ki, hətta nüvə müharibəsindən də kifayət qədər qorxmurlar. Bununla belə, Vaynşteyn xəbərdarlıq edib ki, Ukrayna müharibəsi dünyanı Kuba Raket Böhranından sonra heç vaxt olmadığı qədər nüvə müharibəsinə yaxınlaşdırır.
Vaynşteyn deyir ki, hazırda nüvə münaqişəsi riski 1-5 faiz arasında olsa da, insanların çoxu təhlükəni kifayət qədər ciddi qəbul etmir: “Öyrəndiyim bir şey odur ki, ehtimal 50 faizdən çox deyilsə, böyük əhalinin faizi bunun mümkün olmadığını düşünür. Onlar bizim danışdığımız mövzunun üzərində belə dayanmırlar”.
O qeyd edib ki, dünya beş nəfərin seçimi ilə məhv olmaq riski altındadır; “Putin, Bayden, Zelenski, Xi və Kim”.
Vaynşteyn əlavə edib ki, insanların çoxu Ukraynadakı müharibəni serial kimi izləyir və bunu dünyanın sonunu gətirəcək təhlükə kimi görmür.
Bununla belə, o, Ukraynadakı müharibənin mətbuatda gedən xəbərlərdən qat-qat ölümcül olduğunu deyir: “İkinci Dünya Müharibəsinin nizamı indi pozulub. Rusiyanın Ukraynaya təcavüzü 21-ci əsrdə görünməmiş hadisədir. Biz Kuba Raket Böhranına bənzər bir vəziyyəti yaşayırıq.”