Çantaya qoyduqları daş hava limanında həbs olunmaqlarına səbəb oldu

Tarixi əsərlər qaçaqmalçılığında şübhəli bilinərək saxlanılan belçikalı cütlük arxeoloji araşdırmalar yekunlaşana qədər Antalyanı tərk edə bilməyəcək.

İndex.az Belçika mətbuatına istinadən xəbər verir ki, Kim və Warre adlı cütlük tətillərini cümə günü başa vuraraq, ölkələrinə qayıtmaq üçün Antalya hava limanına gediblər. Onlar yeganə çamadanlarını kontrol masasına qoyub keçmək istəyiblər.

Həmin vaxt mühafizəçilər çamadanda problem olduğunu bildirərək cütlüyü ayrı bir otağa aparıblar.

Məmurlar çamadandan üç daş parçası çıxararaq polisə məlumat veriblər. Kim və Warre adlı cütlük Belçikaya uçan təyyarəyə buraxılmayıb və onlar hava limanında polis kamerasına salınıblar.

Tarixi əsərlərin qaçaqmalçılığında şübhəli bilinərək məhkəməyə çıxarılan belçikalı cütlük beynəlxalq səyahət qadağası şərti ilə bazar günü sərbəst buraxılıb.

Daşlar Antalya Muzeyinin mütəxəssisləri tərəfindən araşdırılana qədər belçikalı cütlüyün Türkiyəni tərk etməsinə icazə verilməyəcək.