ADY qatarların hərəkət qrafikində dəyişiklik edib

“Azərbaycan Dəmir Yolları” QSC payız-qış mövsümünün başlanması ilə əlaqədar sərnişinlərin rəy və təkliflərini nəzərə alaraq 1 oktyabr 2023-cü il tarixindən etibarən bölgələr üzrə hərəkət edən qatarların qrafikində dəyişikliklər edib.

İndex.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, payız-qış mövsümündə paytaxta üz tutan sərnişinlərin mənzil başına daha tez çatması üçün qatarlar mövcud qrafikdən daha erkən yola düşəcəklər. Belə ki, yenilənmiş qrafikə əsasən Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatar saat 17:30-da, ənənəvi  qrafikdən 40 dəqiqə tez yola düşərək saat 22:35-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Qəbələ-Bakı marşrutu üzrə yenilənmiş hərəkət qrafikinə əsasən sürətli sərnişin qatarı saat 19:00-da, ənənəvi  qrafikdən 30  dəqiqə daha tez yola düşərək saat 22:20-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Əlavə olaraq qeyd edək ki, 1 oktyabr tarixindən etibarən Bakı-Ağstafa marşrutu üzrə ənənəvi qrafiklə (saat 08:45-də) hərəkət edən sürətli sərnişin qatarı Şəmkir rayonunun Dəllər stansiyasında da dayanacağından  qatarın Ağstafaya çatma vaxtı saat 13:42-dən 13:46-a dəyişdirilib.