Dövlət Vergi Xidməti vergi ödəyicilərinin məmnunluğunun təmin edilməsi məqsədilə vergi bəyannamələrin formalarını təkmilləşdirib.
İndex.az xəbər verir ki, Xidmətdən verilən məlumata görə, “Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, “Mədən vergisinin bəyannaməsi” və onların əlavələrinin formalarına, o cümlədən tərtib edilməsi qaydalarına dəyişiklik edilib.
Yeni bəyannamə formaları və onların tərtib edilmə qaydaları ilə Dövlət Vergi xidmətinin rəsmi saytında tanış olmaq mümkündür.
Qeyd edək ki, bəyannamə formaları ilə praktiki işləyən vergi ödəyicilərinin də fikirlərinin və təkliflərinin öyrənilməsi məqsədilə Dövlət Vergi Xidmətinin rəsmi saytında “Bəyannamə formalarına dair təkliflərin verilməsi” adlı bölmə fəaliyyət göstərir.
Vergi ödəyiciləri bütün növ vergi bəyannamələrinin formaları və məzmunları ilə bağlı təkliflərini həmin bölmə vasitəsilə Dövlət Vergi Xidmətinə göndərə bilərlər.
Bəyannamə formaları ilə bağlı bütün təkliflər bu məqsədlə yaradılmış müvafiq işçi qrupu tərəfindən diqqətlə öyrənilir və təhlil edilir.