Neftin 25 dollara düşməsi Azərbaycan üçün nə deməkdir?

Neft sektorunun dövlət büdcəsi gəlirlərində və ixrac daxilolmalarında xüsusi çəkisinin hələ də yüksək olması neft qiymətlərinin aşağı düşməsi və hasilatın azalması risklərinin də hər zaman nəzərə alınmasını tələb edir.

İndex.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.

Ölkəmizdə neftin hasilatına təsir edə bilən faktorlar kimi, neft quyuları üzrə ortamüddətli dövrdə nəzərdə tutulmayan əsaslı təmir işləri, qazma və hasiletmə üzrə fasilələr (texniki qəza və sair səbəbdən), habelə OPEC+ çərçivəsində ölkəmiz tərəfindən hasilatın məhdudlaşdırılması üzrə götürülə bilinəcək öhdəliklərlə bağlı risklər daxildir. Qeyd olunan amillər neft hasilatının həcminin 2-4 faiz azalmasına səbəb ola bilər.

Neft qiymətlərinin dəyişkənliyinə (volatilliyinə) dövlət maliyyəsi və ortamüddətli dövrdə büdcə gəlirləri daha çox həssasdır. Dövlət büdcəsinin tərtibi zamanı Dövlət Neft Fondunan dövlət büdcəsinə transfertin həcminin xarici valyutada deyil, manat ifadəsində müəyyən olunması qlobal əmtəə bazarlarında yaranmış neft qiymətləri üzrə volatilliyin dövlət büdcəsinə birbaşa təsirinin azalmasına xidmət edir. Beləliklə, dövlət büdcəsinin neft gəlirlərinin mühüm komponenti olan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği neftin qiyməti, hasilat həcmi və valyuta məzənnəsinin dəyişkənliyi ilə bilavasitə bağlı olmadığından növbəti ilin dövlət büdcəsinin neft gəlirləri üzrə mədaxili bir növ sığortalanır.

Bununla belə, neft qiymətlərinin kəskin düşməsi və bir büdcə ilindən artıq müddət ərzində aşağı səviyyədə qalması Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin daha surətlə tükənməsinə gətirib çıxara bilər.

Qeyd olunmalıdır ki, ortamüddətli dövr üzrə büdcə parametrlərinin hesablanması zamanı neftin bir barelinin orta illik qiymətinin beynəlxalq maliyyə institutlarının və agentliklərinin proqnozlarından aşağı götürülməsi neftin qiyməti ilə bağlı risklərin qarşılanmasına (mitiqasiyasına) xidmət edir.