Amerikalıların sərvəti 149 trilyon dollara çatır

ABŞ Federal Ehtiyat Sistemi (FED) yanvar-mart dövrü üçün “ABŞ-ın Maliyyə Hesabları” hesabatını dərc edib.

İndex.az hesabata istinadən xəbər verir ki, bu ilin birinci rübündə ölkədəki ev təsərrüfatlarının xalis sərvəti 148,8 trilyon dollar olaraq qeydə alınıb.

İlin birinci rübündə əvvəlki rüblə müqayisədə 2% artan ev təsərrüfatlarının sərvəti, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,5% azalıb.

ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti keçən ilin birinci rübündə rekord həddə – 152,6 trilyon dollara çatdıqdan sonra ikinci rübdə 147,2 trilyon dollara, üçüncü rübdə isə 144,2 trilyon dollara qədər azalmışdı. Amerikalıların sərvəti ilin son rübündə 145,8 trilyon dollar təşkil etmişdi.

Bu ilin birinci rübündə səhmlərin dəyəri 2,4 trilyon dollar artıb, daşınmaz əmlakın dəyəri isə 600 milyard dollar azalıb.

Amerikanın ev təsərrüfatlarının borcunun artımı bu ilin birinci rübündə 3,3 faizdən 2,2 faizə enib.

Sözügedən dövrdə istehlak kreditləri 4,3 faiz, ipoteka (mənzil krediti) borcu isə 2,5 faiz artıb.