Çimərliklər yeni mövsümün açılışına hazırdırmı?

Yayın gəlişi və havaların qızması ilə insanların istirahət uçun üz tutduqları əsas yerlərdən biri bəlkə də birincisi ictimai çimərlikləridir. Ölkədə çimərlik mövsümünün açılmasına demək olar ki, sayılı günlər qalıb. Belə ki, iyunun 15-dən etibarən çimərlik mövsümünə rəsmən start veriləcək. Bu əsnada hər zaman olduğu kimi bu gün də həmin məkanlarda insanların təhlükəsiz istirahətinin təmin olunması istiqamətində dövlət qurumları tərəfindən hansı zəruri tədbirlərin görüldüyü mühüm əhəmiyyət kəsb edir.

Bununla əlaqədar Qida Təhlükəsizliyi Agentliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, satış şəbəkələri, ictimai iaşə və ticarət obyektlərində vətəndaşlara satılan qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında mütəmadi olaraq monitorinqlər həyata keçirilir:

“Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər görülür. Agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür. Həmçinin bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Sınaq nəticələrinə əsasən, müvafiq tədbirlər görülür. AQTA tərəfindən dəniz kənarında fəaliyyət göstərən iaşə obyektlərində illik plan əsasında yayboyu yoxlamaların aparılması nəzərdə tutulub. Əgər vətəndaşların qida məhsulları ilə bağlı şikayətləri olarsa, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə bilərlər. Müraciət daxil olduqda, dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür”.

Hazırda çimərliklərdə görülən tədbirlər barədə “Report”a danışan Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili, təmsil etdiyi qurum tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq zəruri təhlükəsizlik tədbirlərinin görülduyunu deyib:

“Aprel ayından etibarən Abşeron yarmadasında mövcud sahilboyu ərazilərdə yerli icra nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib. Hazırda bu monitorinq ölkənin digər şəhər və rayonlarında yerləşən sahilboyu ərazilərində həyata keçirilir. Monitorinqlər zamanı aşkarlanan nöqsan və çatışmazlıqların həlli üçün aidiyyəti icra hakimiyyətlərində müşavirələr keçirilir və müşavirələr zamanı aidiyyəti üzrə bu çatışmazlıqların, nöqsanların aradan qaldırılması üzrə tapşırıqlar verilir. Monitorinqlər zamanı çimərlik operatorlarına təhlükəsizlik qaydalarını özündə ehtiva edən bildirişlər də təqdim olunub. Bu bildirişlərdə təhlükəsizlik qaydaları necə görülməsi ilə bağlı bütün bəndlər qeyd olunub.

Bununla yanaşı Xidmətin nəzarət etdiyi çimərliklərdə həmçinin, IDEA İctimai Birliyinin təşəbbüsü ilə Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu və Binəqədi rayonlarında ümumi 6 ictimai çimərlikdə dalğıclar vasitəsi ilə sualtı müayinələr aparılır, sualtı təmizləmə işləri görülür və bu zaman aşkarlanan maneələr xüsusi nişanlarla qeyd edilir. Xidmətin balansında olan xilasetmə texnika və vasitələr, o cümlədən dalğıc və axtarış əməliyyatları üçün istifadə olunması nəzərdə tutulan avadanlıqlar işlək vəziyyətə gətirilir. Bu ilin iyun ayından etibarən çimərliklərdə üzmə sərhədlərinin müəyyən edən nişanların və çimərlik ərazilərində istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları barədə məlumatlandırılması üçün xüsusi maarifləndirici lövhələrin quraşdırılması işlərinə başlanılıb. Qeyd edim ki, iyun ayının 15-dən etibarən Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Hazırda Xidmət müqavilə əsasında matros xilasedici vəzifələrinə müsabiqə elan edir. Mövsümü olaraq bu vəzifədə çalışmaq istəyən şəxslər müraciət edə bilərlər”.

Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Qida təhlükəsizliyi və risklərin qiymətləndirilməsi şöbəsindən “Report”a verilən məlumata görə, yay aylarında qida yolu ilə keçən bakteriyaların yetişməsi üçün geniş zəmin yarana bilər:

“İsti havada bakteriyalar daha tez bölünüb çoxalır. Yay əyləncələrində, xüsusən də çimərlikdə olarkən qida mənşəli problemlərdən qorunmaq üçün bəzi tövsiyələri daim diqqətdə saxlamaq lazımdır. İlk növbədə gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Qida təhlükəsizliyi əllərin düzgün və təmiz yuyulmasından başlayır. Qida ilə yoluxan xəstəliklər çox vaxt çirklənmiş əllərlə yaranır. Əllərinizin və qida ilə təmasda olan səthlərin təmizliyi qida yolu ilə yoluxan xəstəlik və digər infeksiya riskini azaldır. Bundan başqa yalnız istehlak üçün yararlı olan sudan istifadə tövsiyə olunur. Bir göl və ya çay sizə təhlükəsiz gələ bilər. Lakin unutmayın ki, bakteriya və viruslar açıq gözlə görülməyəcək qədər kiçikdir. Yaxşı olar ki, yemək hazırlamaq, içmək və ya əl yumaq üçün özünüzlə şüşə qabda su götürəsiniz. Qab-qacaqların təmizliyi vacib şərtdir. Çarpaz çirklənmənin qarşısını almaq üçün, xüsusən də qril və ya kabab hazırlayarkən çiy ət, quş əti və ya dəniz məhsullarını qoyduğunuz boşqabları təkrarən hazır yemək qoymaq üçün istifadə etməyin. Onları mütləq isti və sabunlu su ilə yuyub, durulayın.

Qida məhsullarını uzun müddət keyfiyyətli saxlaya bilmək üçün buz və ya gel ilə doldurulmuş izolyasiyalı paketlərdən ibarət soyuducudan istifadə edin. Çimərliyə gedərkən (birbaşa günəş işığı xaricində) soyuducunuzu avtomobilin ən soyuq hissəsində daşımaq lazımdır. Soyuq saxlanması lazım olan qidalara çiy ət, toyuq əti, dəniz məhsulları, doğranmış meyvə-tərəvəz, tez xarab olan süd məhsulları aiddir. Digər qidalara damcılamanın qarşısını almaq üçün çiy əti soyuducunun alt təbəqəsində xüsusi qabda saxlamaq lazımdır. Həmçinin çiy ət və dəniz məhsullarının etibarlı şəkildə büküldüyündən əmin olun ki, suyu bişmiş qidaları və ya meyvə-tərəvəzi çirkləndirməsin. Soyuducuda qablaşdırmadan əvvəl təzə meyvə-tərəvəz axar su altında yuyulub, təmiz parça dəsmal və ya kağız dəsmal ilə qurulanmalıdır. Mütəmadi istifadə olunan məhsulları üst təbəqəyə qoyun.

Soyuducunu tez-tez açıb-bağlamaqdan da çəkinin. Bu, temperaturun artmasına səbəb ola bilər. Bu baxımdan yemək və içki üçün ayrı soyuducuların olması məsləhət görülür. Soyuducunuzu kölgədə və ya sığınacaqda qoyaraq, birbaşa günəş şüalarından uzaq tutmaq vacibdir. Yəni günəşdən kənar bir yer təyin edib, qismən qumda basdıra bilərsiniz. Üzərini isə adyalla örtün və çimərlik çətiri ilə kölgə salın. Çalışın ki, soyuducunu bir gün əvvəldən soyudasınız. Soyuducunun daxili temperaturu ilıq olduğundan buz paketlərini yerləşdirdikdə onun müəyyən miqdarı əriyə bilər. Buna görə də evdən çıxmadan əvvəl dondurula biləcək məhsulları dondurun. Nəzərə alın ki, soyuq hava kütləsi aşağı düşdüyündən soyuducunun alt təbəqəsi daha sərin olur. Kənardan daxil olan havanın dolaşmaması üçün soyuducunun içini tamamilə doldurmalısınız. Əgər kifayət qədər qida və içki yoxdursa, su şüşələrini dondurub, boş yerlərə yerləşdirə bilərsiniz. Unutmayın ki, soyuq yeməklər 4⁰C temperaturda və ya aşağı temperaturda saxlanılmalıdır”.

İnstitutdan bildirilib ki, yay əyləncələri zamanı qida seçiminə diqqət edilməlidir. Hazırlamağı mürəkkəb olmayan və dağılmayan qidalara üstünlük verilməlidir.

“Yeməklər hazırlanarkən bişirilmə temperaturuna riayət edin (bunun üçün xüsusi termometrdən istifadə edə bilərsiniz). Yeməyin lazımi temperaturda saxlanması da vacib şərtdir. Ona görə də isti qidaların isti və soyuq qidaların isə soyuq qalmasını təmin edin. Tez xarab olan yeməklər 2 saatdan çox açıqda qalmamalıdır. İsti havalarda (32° C-dən yuxarı) isə yemək 1 saatdan çox açıqda qalmamalıdır. Unutmayın ki, qidanın “təhlükəli bölgə” adlandırılan 4° C ilə 60° C arasında 2 saatdan çox (və ya açıq havada temperatur 32° C-dən yuxarı olduqda 1 saatdan çox) saxlanması bakteriyaların sürətlə çoxalmasına və yoluxucu xəstəliklərin yaranmasına səbəb olur. Soyuq yeməkləri kiçik ölçülərdə servis edin. Yaxşı olar ki, bu tip yeməkləri elə əvvəlcədən kiçik ölçüdə qablaşdırasınız. Çünki böyük ölçüdə qablaşdırılmış qidanı hər dəfə servis üçün soyuducudan çıxartdıqda temperatur balansı pozulur. Ət və toyuq əti bişirildikdən sonra servis edənə qədər isti (60° C-də və ya daha isti) saxlayın. İsti yeməyi qril rəfinin yanına qoyaraq isti saxlaya bilərsiniz. Yeməyinizi hazırlamaq üçün palaz və ya dəsmaldan istifadə edərək qumsuz bir bölgə yaratmağa çalışın”.

Qida Təhlükəsizliyi İnstitutundan əlavə ediblər ki, turizm obyektlərində də qidalanma zamanı yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi təmin edilməlidir: “Mətbəxdə, sanitar qovşaqda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır. Müəssisə daxilində işçi heyət şəxsi gigiyena qaydalarına riayət etməlidir. Yeməklər hazırlanarkən lazımi temperatur dərəcəsinə qədər bişirilməli, xam məhsullar istifadədən əvvəl düzgün yuyulub qurudulmalı, həmçinin yemək dəstləri, mətbəx avadanlıqları, kirli səthlər yuyulub təmizlənməlidir”.