Messinin “İnter Mayami”yə transferindən ən çox “Apple” qazanacaq

Bir çox futbolsevərlərin fikrincə, dünyanın ən yaxşı futbolçusu olan Lionel Messi karyerasını PSJ-də başa vuraraq Amerikanın “İnter Mayami” futbol komandasına keçib. Futbol dünyasının gündəmini dəyişən bu inkişaf əslində ən çox texnologiya nəhəngi “Apple”ə fayda vermiş ola bilər. Bəs niyə?

İndex.az xəbər verir ki, “Apple” ABŞ Böyük Futbol Liqasının (MLS) yayım hüququna malikdir. Matçlar 10 il müddətinə “Apple TV+” abunəliyi ilə tamaşaçıları bir araya gətirəcək.

Bu səbəbdən Lionel Messinin MLS-ə keçidi “Apple”in ciblərini pulla doldurmağa imkan verəcək.

ABŞ Böyük Futbol Liqasının oyunlarına baxmaq istəyən istehlakçılar “Apple TV+”-da xüsusi paket almalıdırlar. Bu paketin qiyməti ayda 14,99 dollardır. İllik almaq istəyənlər 99 dollar ödəməlidirlər. Lionel Messinin ABŞ-a transferi bütün ölkədə futbola marağı artıracaq. Nəticədə, “Apple TV+” daha çox abunəçiyə çatacaq. Beləliklə, “Apple” həm artan abunəçi sayı, həm də mümkün “Apple TV +” qiymət artımı ilə öz kassasını daha da doldura biləcək.