"Xalq Bank"ın qazancı kəskin azaldı

Azərbaycanın aparıcı banklarından olan “Xalq Bank”ın xalis mənfəəti kəskin azalıb.

Index.az xəbər verir ki, bu barədə bankın 2021-ci ilin yanvar-sentyabr ayları (3-cü rübün nəticələri) üzrə hesabatında bildirilir.

Hesabata əsasən, ilk 3 rübdə bankın faiz gəlirləri 69 milyon 716 min manat, faiz xərcləri 14 milyon 155 min manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə “Xalq Bank”ın faiz gəlirləri 9 milyon manat və ya 12%-ə yaxın azalıb. Faiz xərcləri isə demək olar dəyişməyib. Nəticədə bankın xalis faiz gəliri 55 milyon 561 min manat təşkil edib.

2021-ci ilin ilk 9 ayında “Xalq Bank”ın qeyri-faiz gəlirləri ötən illə myüqayisədə təqribən 3 dəfə azalaraq ötənilki 23,5 milyondan 8,8 milyon manata düşüb.

Qeyri-faiz xərcləri isə təqribən 8% artaraq 37 milyon manatdan 40 milyon manata yüksəlib.

Nəticədə bankın fəaliyyətinin əsas göstəricilərindən biri – əməliyyat mənfəəti ötən illə müqayisədə təqribən 2 dəfə azalaraq 46 milyon manatdan 24 milyon manata düşüb. Bu vəsaitin 5,6 milyon manatı aktivlər üzrə mümkün zərərlərin qarşılanması üçün ehtiyatlara ayrılıb, 4,4 milyon manat isə mənfəət vergisi kimi ödənilib.

Nəticədə bank ilk 9 ayı 14,2 milyon manat xalis mənfəətlə başa vurub, bu ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 milyon manat və ya 45% azdır.
Xatırladaq ki, bank pandemiya şəraitində keçən 2020-ci ilin ilk 9 ayını təqribən 26 milyon manat xalis mənfəətlə bağlamışdı.

Hesabat dövründə “Xalq Bank”ın aktivləri və öhdəlikləri də azalıb. Belə ki, rübün sonuna bankın aktivləri 2 milyard 221,2 milyon manat təşkli edib ki, bu da ilin əvvəli ilə müqayisədə təqribən 130 milyon manat və ya 5,6% azdır. Yeri gəlmişkən, bankın aktivləri ötən ildən azalmaqdadır.

“Xalq Bank”ın kredit portfeli ilin əvvəlindən bəri 64 milyon manat və ya təqribən 4% azalaraq 1 milyard 390,1 milyon manat təşkil edib. Kredit portfelinin böyük hissəsi əvvəlki kimi xarici valyutada – ABŞ dollarındadır.

Hesabat dövründə bankın öhdəliklərinin həcmi də aşağı düşüb. 2021-ci ilin 3-cü rübünün sonuna «Xalq Bank»ın öhdəlikləri 1 milyard 776,3 milyon manat təşkil edib ki, bu da ilin əvvəlindən 184 milyon manat və ya 9,4% azdır.

Öhdəlikləri həcminin aşağı düşməsi bankdakı depozitlərin azalmasının nəticəsidir. İlin əvvəlində bankda 1 milyard 590 milyon manat depozit olduğu halda, 3-cü rübün yekununda bu rəqəm 164 milyon manat azalaraq 1 milyard 426 milyon manata enib.

2021-ci ilin ilk 9 ayında “Xalq Bank”ın kapitalı 8 milyon manat və ya təqribən 2% artaqaq 444,9 milyon manata yüksəlib.