“Şahdəniz”dən Neft Fonduna 1 milyard dollara yaxın gəlir gəlib – RƏSMİ

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 935,754 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

İndex.az Fonda istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni ayları ilə müqayisədə 409,217 milyon ABŞ dolları və ya 77,7 % çoxdur.

Bu ilin ilk beş ayı ərzində Neft Fonduna daxil olan vəsaitlərin 197,763 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2022-ci ilin 5 aylıq dövrü ilə müqayisədə 53,241 milyon ABŞ dolları və ya 36,8 % çoxdur.

Xatırladaq ki, ötən ilin yanvar-may aylarında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 935,754 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə  144,522 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə “Şahdəniz” yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lkoil” (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (6,67 %).