Deputat: “Türkiyədə valyuta stabilliyinə nail olmaq zaman alacaq”

Türkiyədə keçirilən prezident seçkilərindən sonra lirənin dəyər itirəcəyi gözlənilən idi.

İndex.az xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, seçkinin başa çatmasına baxmayaraq Türkiyənin bir sıra Qərb dövlətləri ilə münasibətləri hələ də soyuq hesab olunur: “Bu isə xarici valyita təklifinə birbaşa təsir göstərir. Türkiyə Mərkəzi Bankının net forex ehtiyatlarının tarixi minimumadək azalması da xarici valyutaya olan tələbin ödənilməsində çətinliklər yaradır”.

V.Bayramov bildirib ki, bununla belə, yeni maliyyə naziri təyinatından sonra valyuta bazarı ilə daha çox qarşılıqlı əlaqənin olacağı və prudensial tələblərin yumşalacağı gözlənilir: “Ayındır ki, bu ilin aprel ayında rəsmi inflyasiyanın 43,7% olduğu Türkiyədə valyuta stabilliyinə nail olmaq zaman alacaq. Ancaq, yeni kabinetdə maliyyə-iqtisadi sfera üzrə təyinatlar orta müddətli dövrdə stabiliyə nail olmaq imkanlarını xeyili genişləndirir. Görünən odur ki, yeni kabineti qarşıda heç də asan olmayan çağrışlar gözləyir”.

Xatırladaq ki, Türkiyə lirəsi dollara nisbətən yenidən dəyər itirib. Son 1 ayda 8% ucuzlaşan Türkiyə pulunun çarpaz olaraq digər əksər valyutalara nisbətən də dəyəri azalıb. Hazırda 1 ABŞ dolları almaq üçün 21,22 lirə ödəmək lazımdır. Hətta sektorda kifayət qədər yüksək güvənli hesab edilən Mehmet Simşəkin maliyyə naziri təyin olunması belə lirəinin ucuzlaşmasının qarşısını ala bilmədi.