SOCAR Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi tikir – VİDEO

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tərəfi Gorus-Qafan yolunun öz ərazisinə düşən 21 kilometrlik hissəsinə nəzarəti bərpa edib.

Bu ilin sentyabr ayında isə Azərbaycanın müvafiq dövlət qurumları sözügedən yolda gömrük postu qurub və İran nömrəli yük avtomobillərindən gömrük rüsumu tələb etməyə başlayıb.

İndex.az Modern.az-a istinadən xəbər verir ki, bu gün sosial şəbəkələrdə yayılan bir videoda Gorus-Qafan yolunda SOCAR yanacaqdoldurma məntəqəsinin tikildiyi əks olunub. Bildirilir ki, yanacaqdoldurma məntəqəsi tezliklə istifadəyə veriləcək.

Modern.az-ın əməkdaşı yayılan video ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Mətbuat xidməti ilə əlaqə saxlayıb.

SOCAR-dan bildirilib ki, sözügedən məsələ ilə əlaqədar şirkətin açıqlaması yayılacaq.