Yeni binalar tikilərkən mərkəzləşmiş qaydada istilik təchizatına qoşulmaq üçün müraciət edə bilərlər.
Index.az xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.
Onun sözlərinə görə, bunun üçün öncə binadaxili istilik sistemi qurulmalıdır: “Bundan sonra biz texniki şərtlər çərçivəsində yaxınlıqda yerləşən istilik sisteminə qoşulmanı təmin edirik. Lakin bəzi MTK-lar özləri fərdi şəkildə qazanxanalar tikir. Mərkəzi istilik sisteminə qoşulma məcburi olmadığı üçün biz sadəcə bu istiqamətdə tövsiyə verə bilərik”.
Paytaxtın bəzi yerlərində köhnə tikililərin sökülməsi ilə əlaqədar mərkəzi istilik sisteminin əhatə dairəsinin daralmasına gəlincə isə qurum rəsmisi ciddi azalma olmadığını bildirib: “Bu gün sökülən köhnə tikililər əsasən birmərtəbəli, ikimərtəbəli evlərdir. Doqquzmərtəbəli binaların söküntüsü demək olar aparılmır. Sökülən beşmərtəbəli binaların sayı isə az olduğundan, bu, ümumi faizə çox cüzi təsir edir. Həmçinin mərkəzi istilik təchizatına yeni binaların qoşulması ilə vəziyyət kompensasiya olunur”. (Trend)