Bu günə qədər 38 mindən çox sahibkara güzəştli kredit verilib

1992-2021-ci illərdə Azərbaycanda Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə sahibkarlara verilən güzəştli kreditlərin ümumi həcmi 2 milyard 571,638 milyon manat təşkil edir.

İndex.az xəbər verir ki, “Eyni zamanda, indiyədək 38,32 min sahibkara fondun xətti ilə güzəştli kreditlər verilib”, – deyə fonddan bildirilib.

Maliyyələşdirilən layihələrin ümumi dəyəri 5 milyard 990,732 milyon manat təşkil edir.

Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır.

SİF 3 il müddətinə 5 000 manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 milyon manatadək və 10 il müddətinə 1 milyon manatdan 10 milyon manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.

©Interfax