Şikayətlərə görə 10-a yaxın marşrut xəttinə xəbərdarlıq edildi

Sosial şəbəkələr üzərindən gələn şikayətləri təhlil edərkən insanların xidmətindən daha çox narazı qaldığı 10-a yaxın müntəzəm marşrut xətti müəyyənləşdirildi”.

İndex.az xəbər verir ki, bunu açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

O qeyd edib ki, artıq həmin daşıyıcılara problemləri qısa zamanda aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib.

M.Ağayev bildirib ki, bir aydan sonra sərnişin avtobuslarının fəaliyyəti yenidən monitorinq ediləcək:

“Hansı daşıyıcılar fəaliyyətində müsbətə doğru dəyişiklik etməyiblərsə, onlara qarşı qanunvericikdə müəyyən edilmiş tədbirlər görüləcək. Ən vacib məsələ onların istismarında olan həmin marşrut xətti yeni daşıyıcıların müəyyənləşdirilməsi üçün müsabiqəyə çıxarılacaq.

Bizim araşdırdığımız sadəcə sosial şəbəkələr üzərində gələn şikayətlər idi. Bu o demək deyil ki, sadəcə 10 xətlə bağlı narazılıq var idi. Elə xətlər var ki, onlardan da Çağrı Mərkəzinə, yaxud agentliyin özünə müraciət edilir”.