Bu gün “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq

Gələn il keçiriləcək Futbol üzrə Dünya Çempionatı çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq Azərbaycan-Lüksemburq oyununa görə, “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq.

İndex.az xəbər verir ki, bunu “Report”a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı lazımi tapşırıq və göstərişlər verilib: “Oyundan sonra futbolu canlı izləyən tamaşaçıların, həmçinin digər sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə bu stansiyaya yaxın obyektlərdə keçirilən kütləvi mədəni tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq, keçidlərdə, vestibüllərdə və platformada müvafiq tədbirlər görüləcək. Ehtiyat qatarlar da nəzərdə tutulacaq. Zərurət yaranarsa, həmin qatarlar xəttə buraxılacaq”.

Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək. Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 8-ci sınağında Lüksemburq yığmasını qəbul edəcək. Qarşılaşma saat 21:00-da başlayacaq. Görüşün baş hakimi avstriyalı Manuel Şüttenqruber olacaq.