Nazir: “Son iki ildə sosial ödənişlər üzrə xərclər 60% artıb”

“Dövlət başçısının siyasətinin ana xəttini ölkə vətəndaşının sosial rifahı təşkil edir”.

İndex.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, son iki ildə sosial ödənişlər üzrə xərclər 60% artıb: “Az müddət ərzində bu qədər artım bu siyasətin bariz nümunəsidir. Pensiya xərcləri son illər ərzində 48% artıb. Son 3 il ərzində ölkədə minimum pensiyalar artıb. Bu atımlar əlilliyə görə 60, ailə başçısını itirməyə görə 75% olub. Ünvanlı sosial yardım isə 81% artıb. Bu göstəricilərin hər biri Azərbaycanda sosialyönümlü siyasət həyata keçirildiyinin sübutudur. Son 2 ildə həyata keçirilən iki böyük sosial paket ümumilikdə 4 milyon insanı əhatə etdi. Növbəti dövr üzrə yenə də artımlar planlaşdırılır. Gələn il DSMF-nin büdcəsində 3,1%-lik artım planlaşdırılır. Ümumilikdə gələn il həm gəlirlər, həm xərclər baxımından DSMF-nin büdcəsi artırılır”.