Orta aylıq nominal əməkhaqqı artdı, 723 manat oldu

Buil oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 min nəfər və ya 1,1% artaraq 1699,3 min nəfər olmuş, onlardan 903,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 795,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statlistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, muzdla işləyənlərin 19,2%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9-%i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2021-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3% artaraq 723,2 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.