Çimərliklərdə istirahət neçəyə başa gəlir? – ARAŞDIRMA

Bakıətrafı ərazilərdə yerləşən çimərliklərin bir çoxuna giriş ödənişlidir. Giriş haqqından əlavə bu çimərliklərdə bəzi xidmətlərə görə də ödəniş tələb olunur.

İndex.az Bakı ətrafındakı bir neçə çimərliyə giriş qiymətlərini və bu qiymətlərə hansı xidmətlərdən istifadənin aid olduğunu öyrənib.

“Aysberq Resort Hotel”
Çimərliyə giriş 10 yaşa qədər uşaqlar üçün 10 manat, böyüklər üçün isə 15 manata başa gəlir. Qiymətə hovuz, dəniz və şezlonqdan istifadə daxildir.

“Sea breeze beach club”
Çimərliyə giriş 10 yaşa qədər uşaqlar üçün pulsuzdur. Böyüklər üçün giriş 20 manat, dolab (istəyə görə) isə 10 manatdır. Qiymətə şezlonq, dəsmal, çətir və həm “Ailəvi”, həm də ”Grand” hovuzlardan istifadə daxildir. “Barduck” və “Rose Bar Beach” hovuzlar üçün əlavə ödəniş etmək lazımdır. “Barduck” üçün əlavə ödəniş 10 manatdır. “Rose Bar Beach” üçün giriş qiyməti həftə içi 10 manat, həftənin 5-ci günü və həftə sonları isə qadınlar üçün 20 manat, kişilər üçün 30 manat təşkil edir.

“Mambo beach”
Böyüklər üçün giriş həftə içi 20 manat, həftə sonu 25 manatdır. 6 yaşa qədər uşaqlar üçün giriş pulsuz, 12 yaş da daxil olmaqla yaşı 6-dan 12-ə qədər olanlar üçün isə həftə içi 10 manat, həftə sonu 12 manat təşkil edir. Qiymətə dəsmal və şezlonqdan istifadə daxildir.

“Amburan beach”
12 yaşadək və boyu 150 sm-dək olan uşaqlar üçün giriş pulsuzdur. Böyüklər üçün giriş həftə içi 30 manat, şənbə və bazar günləri isə 35 manatdır. Qiymətə duş, çətir, şezlonq, paltardəyişmə otağı və dəsmaldan istifadə daxildir.

“Tropicana beach”
3 yaşadək uşaqlar üçün giriş pulsuzdur. 3 yaşdan 10 yaşa qədər uşaqlar üçün giriş 5 manatdır. 10 yaşdan yuxarı şəxslərin giriş qiyməti 10 manat təşkil edir. Bu qiymətə paltardəyişmə otağı, duş, çimərlik, şezlonq, çətir, masa və oturacaqlardan istifadə daxildir.

“Bilgah Beach Hotel”
Çimərliyə giriş qiyməti böyüklər üçün həftə içi 30 manat, həftə sonu və bayram günləri 40 manat, uşaqlar üçün isə həftə içi 15 manat, həftə sonları və bayram günləri isə 20 manatdır. Şezlonq və dəsmaldan istifadə də bu qiymətə daxildir.

“Dalga beach”
Dəniz hissəsinə giriş 5 yaşa qədər ödənişsiz, 6-11 yaş arası 5 manat, yaşı 12-dən yuxarı olanlar üçün isə 10 manatdır.
Hovuz hissəsinə giriş Azərbaycan vətəndaşları üçün həftə içi giriş 35 manat, həftə sonu 50 manat, 6-12 yaş arası uşaqlar üçün giriş 15 manat, balacalar üçün isə pulsuzdur. Qiymətə şezlonq, dəniz, hovuz, paltardəyişmə otağı, dəsmal, sürüşkən və dolabdan istifadə daxildir.

“Lucca Beach”
Çimərliyə giriş 6 yaşa qədər uşaqlar üçün pulsuzdur. 6-12 yaş arası giriş qiymətləri 5 manat, yaşı 12-dən yuxarı şəxsrlər üçün isə 10 manat təşkil edir. Qiymətə çətir və şezlonqdan istifadə daxildir.