Ayağı ayaq üzərinə atıb oturmağın sağlamlığa zərər verdiyini bilirdinizmi?

İstər evdə divanda, istərsə də ofisdə, bir çox insan ayaqları çarpaz şəkildə kresloda oturmağa üstünlük verir. Lakin Lancaster Universitetinin Kliniki Anatomiya Öyrənmə Mərkəzinin direktoru, professor Adam Taylor insanların niyə çarpaz şəkildə oturmaması lazım olduğunu və bu vərdişin bədənə uzunmüddətli təsirlərini izah edib.

İngilis Daily Mail qəzetində çıxan xəbərə görə, insanların stulda ayaqları çarpaz  oturmağa üstünlük vermələrinin iki yolu var; dizdən və ya ayaq biləyindən.

Bu, çox rahat hiss etdirsə də, Taylora görə, qan təzyiqinin artmasından tutmuş sperma sayının azalmasına qədər bədənə potensial olaraq çox zərərli təsirləri ola bilər.

İnsanların yüzdə 62-si ayaqlarını sağdan sola çarpazlaşdırmağa üstünlük verir, yüzdə 26-sı isə əksinə. Yüzdə 12-nin bu oturuş stilinə üstünlük vermədiyi təxmin edilir. Amma Taylor niyə ayaqlarınızı çarpaz vəziyyətdə oturmaqdan çəkinməli olduğunuzu izah edir.

Ayaqlarınızı çarpaz şəkildə oturmaq onurğa və çiyinlərdə sümüklərin düzülüşündə uzunmüddətli dəyişikliklərə səbəb ola bilər. Həmçinin ayaqlardakı qan damarlarını daraldır. Bu, damarlarınızdakı qanın sürətini yavaşladır və qan laxtalanmasına səbəb ola bilər.

Dərin ven trombozu, ayaq və ya çanaqda əmələ gələn və adətən kifayət qədər hərəkət etməməsi nəticəsində yaranan laxtalanmadır. Məsələn, işdə uzun müddət oturmaq…

Taylor, mümkünsə, ayaqlarınızı çarpazlaşdırmaqdan çəkinməyin daha yaxşı olacağını vurğulayıb.

Bununla belə, çarpaz ayaqlarla əlaqəli bir çox risk faktoru oturaq həyat tərzi və piylənmə kimi digər əsas problemlərlə daha da ağırlaşa bilər.

Buna görə də məsləhət edilir ki, eyni vəziyyətdə çox uzun oturmamaq və müntəzəm olaraq aktiv qalsaq daha yaxşıdır.