Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan planı

Qazaxıstan apreldə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 125 min ton neft göndərməyi planlaşdırır.

İndex.az xəbər verir ki, Qazaxıstan Milli Neft Nəqliyyatı Şirkətinin (KazTransOil) açıqlamasında bildirilir ki, ölkənin “Tengiz” neft yatağından çıxarılan təqribən 10 min ton neft Xəzər dənizi sahilindəki “Aktau” limanından Heydər Əliyev adına tankerə daşınıb.

Açıqlamada qeyd olunan marşrutla martın sonuna kimi 10 min ton Qazaxıstan neftinin daşınacağı qeyd edilib.

2023-cü ilin aprel ayı üçün “Bakı-Tbilisi-Ceyhan” boru kəməri ilə nəzərdə tutulan neft nəqlinin həcmi isə 125 min tondur.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) martın 23-də Qazaxıstan neftinin ilk partiyasının tankerlə “Aktau” limanından “Səngəçal” terminalına daşındığını bildirib.

Açıqlamada qeyd olunub ki, SOCAR ilə Qazaxıstanın “KazMunayQaz” şirkəti arasında imzalanmış müqavilə çərçivəsində ildə 1,5 milyon ton neftin daşınması nəzərdə tutulur.

Rusiya-Ukrayna müharibəsi səbəbiylə neft ixracı üçün yeni marşrutlara üz tutan Qazaxıstan hökuməti 2023-cü ildən etibarən Xəzər dənizindən BTC vasitəsilə daşımalara başlayacaqlarını, eləcə də, “Bakı-Supsa” və “Bakı-Batumi” boru kəmərləri üzərində çalışdıqlarını açıqlayıb.

Qazaxıstan prezidenti Kasım Cömert Tokayev də BTC xəttinin yerləşdiyi “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nda (Mərkəzi Dəhliz) neft nəqlinin həcmini ildə 20 milyon tona çatdırmağı planlaşdırdıqlarını açıqlayıb.